Vaşiqton Rusiyanın dövlət borcuna qarşı “sanksiyalar hücumu” planlaşdırır
15 Aprel 2021 13:01 DünyaQarşıdan gələn Amerika sanksiyaları ilə bağlı yeni təfərrüatlar məlum olub. ABŞ-ın Rusiyadakı səfirinə bunun mümkün fəsadları izah edilsə də, Rusiyanın dövlət borcuna qarşı "sanksiyalar hücumu" planlaşdıran Vaşinqton geri çəkilmək fikrində deyil.
Vaşinqton hesab edir ki, ABŞ bankları üçün Rusiyanın borc qiymətli kağızları ilə işləmək imkanlarını "azaldacaq" yeni məhdudiyyətlər paketinin hazırlanması ən optimal variantlardan biri olacaq. Misalçün, Rusiya Maliyyə Nazirliyinin və Mərkəzi Bankının borc qiymətli kağızlarının satın alınmasına birbaşa qadağa qoyulması nəzərdə tutulur.
The New York Times qəzetinin mənbələri əlavə edir ki, yeni sanksiyaların variantları aprelin 15-də açıqlana bilər, amma sözügedən sanksiyalar yalnız yayda - təxminən 14 iyunda qüvvəyə minəcək.
Xatırladaq ki, az əvvəl mətbuatda ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında mümkün danışıqlara dair xəbərlər yer almışdı. Yeni sanksiyaların bu məsələyə təsir edib-etməyəcəyi hələ məlum deyil.
"Yumşaldıcı amil": Wall Street Journal müxbirlərinin tapıntısı
Yeni sanksiyaların səbəb ola biləcəyi ciddi problemlərə baxmayaraq, "Wall Street Journal"-ın əməkdaşları "yüngülləşdirici amil" tapa bilib. Jurnalistlər yazır ki, sanksiyalar Rusiya dövlət istiqrazlarının təkrar bazarda alqı-satqı imkanlarına təsir etməyəcək.
"Sərəncam 14 iyun tarixindən sonra ABŞ maliyyə qurumlarının Rusiya Mərkəzi Bankından, Maliyyə Nazirliyindən və ölkənin nəhəng Milli Sərvət Fondundan birbaşa yeni istiqraz almasını qadağan edəcək.
Amma sözügedən məsələdə yumşaldıcı amil də var. Belə ki, ABŞ qurumları Rusiya iqtisadiyyatı üçün əhəmiyyətli olan bəzi xarici investisiyaları qoruyub saxlayaraq, ikincil bazarda istiqraz alış-verişi edə biləcəklər",- deyə Wall Street Journal açıqlayır.
Federasiya Şurasından cavab: "Cana doymuşuq"
Federasiya Şurası Xarici İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov, "RİA Novosti" üçün yeni sanksiyalarla bağlı məsələni şərh edib. O, vurğulayıb ki, sözügedən sanksiyaların tətbiqi amerikalı səhmdarlara da ciddi zərər vuracaq. Rusiya isə qorxmaq fikrində deyil.
"Bu iqtisadiyyatımıza təsir edə bilər, amma biz heç nədən qorxmayacağıq, çünki artıq cana doymuşuq.
Amerikalı səhmdarlar ciddi itkilərə məruz qalacaqlar, çünki dövlət borcuna yatırım edirlər. Bu səbəbdən düşünürəm ki, sanksiyalar tətbiq edilməyəcək",- deyə senator bildirib. sfera