Yeni ştamma yoluxanlar çoxalır... - Türkiyə ilə sərhədlər bağlana bilər?
13 Mart 2021 12:07 DünyaXəbər verdiyimiz kimi Türkiyənin 76 şəhərində 41 mindən çox insanda koronavirusun mutasiya olunmuş növü aşkarlanıb. Yeni növ virus isə daha çox yoluxduruculuğa malikdir və yoluxmuş şəxslər xəstəliyi ağır keçirir.
Maraqlıdır, Türkiyə ilə sərhədlərin açıq olduğu bir vaxtda virusun Azərbaycanda yayılma təhlükəsi varmı? Türkiyəyə səyahət edənlərin sayında necə, dəyişiklik müşahidə edilir?
Məsələ ətrafında danışan həkim radioloq Aydın Əliyev yeni növ ştammın qarşısının alınması üçün ciddi mexanizmin tətbiq edilməsinin zəruriliyini bildirib:
"İlk növbədə onu deyim ki, yeni növ ştamm Azərbaycana gəlsə belə, onu təyin edə biləcək avadanlıq bizdə yoxdur. Bu aparat yalnız bir neçə ölkədə mövcuddur. Artıq 1 ildir ki, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilib, sərhədlər xeyli müddət bağlı qalıb. Bu baxımdan yenidən sərhədlərin bağlanması doğru olmazdı. Sadəcə Türkiyədən gələn sərnişinlərin mütləq şəkildə peyvənd olunması məsələsinə diqqət yetirilməli və hava limanında test vermələri tələb edilməlidir. Ciddi yoxlanış mexanizmi tətbiq edilsə, sərhədləri bağlamağa ehtiyac qalmaz. Çünki bizdə hazırda yoluxma sayı təhlükəli səviyyədə deyil" .
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov isə saytımıza bildirib ki, Türkiyəyə gediş-gəlişdə azalma yoxdur, səyahət üçün müraciət edənlərin sayı həmişəki qaydada çoxluq təşkil edir:
"Ötən ay ərzində Türkiyəyə səyahət edənlər arasında hər hansısa azalma müşahidə edilməyib.
Hazırda məlum olduğu kimi pandemiya şəraiti ilə bağlı bir çox ölkələr sərhədlərini bağlı saxlayır. Bir neçə istiqamətə vətəndaşlar xüsusi icazə olmadan səfər edə bilərlər. Həmin ölkələr Türkiyə, Rusiya, Belarusiya, Ukrayna və Ərəb Əmirlikləridir. Adıçəkilən ölkələrə rahatlıqla gedib-gəlmək mümkündür. Türkiyə bizə qardaş, yaxın ölkədir. Bu ölkəyə səfər edən vətəndaşlarımız həmişə çoxluq təşkil edib. İndi də bu tendensiya davam edir".
sfera