Əfqanıstanda qadın jurnalistlər işlərini tərk edir

Əfqanıstanda qadın jurnalistlərə  qarşı artan  təhdid və sui-qəsdlər səbəbindən qadın jurnalistlər işlərini tərk  edir. 

Olaylar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki,  Əfqanıstan Jurnalistlərinin Təhlükəsizlik Komitəsi son 6 ayda ölkədə çalışan 300 qadın jurnalistin vəzifələrindən ayrıldığını açıqlayıb. 

Əfqanıstanda Azad Medianın Müdafiəsi İdarəsinin verdiyi açıqlamada isə  təhlükəsizlik səbəbi ilə vəzifələrini tərk edən qadın jurnalistlərin əksəriyyətinin xaricə qaçmağa tələsdiklərini  vurğulanıb.

Bundan əlavə, ölkənin şərqindəki Nangarhar əyalətində özəl bir televiziya kanalında çalışan 3 qadın işçi  mart ayının 2-də baş verən silahlı hücumda vəfat edib.

Ölkədə artmağa başlayan sui-qəsd cəhdlərinin əsas hədəfi jurnalistlər, aktivistlər, din xadimləri, dövlət məmurları və təhlükəsizlik qüvvələridir. 

Qeyd edək ki, son bir ildə ölkədə 10-dan çox jurnalist öldürülüb.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31