2018-2020-ci illərdə Ermənistanın borcu ÜDM-dən 3 dəfə çox artıb
17 Fevral 2021 18:56 Dünya"2001-ci ildə hökumətin (Ermənistan nəzərdə tutulur) 684 milyon dollar borcu və 2,12 milyard dollar ümumi daxili məhsulu (ÜDM) var idi. 2017-ci ildə borc 4,9 milyard dollar, ÜDM 11,5 milyard dollar təşkil edib. 2020-ci ildə borc 8 milyard dollar, ÜDM isə təxminən 12,5 milyard dollar (hələ rəsmi bir məlumat yoxdur, ancaq 8,5 faiz azalma vəziyyətində təxminən bu məbləğin olacağı gözlənilir) olacaq.
"İki sahil" xəbər verir ki, bu barədə Ermənistandan olan iqtisadçı Karlen Xaçatryan "Facebook" səhifəsində yazıb.
İqtisadçı vurğulayıb ki, 2001-2017-ci illərdə dövlət borcu təqribən 4,2 milyard dollar, ÜDM 9,4 milyard dollar artıb. 2018-2020-ci illərdə hökumətin borcu təqribən 3 milyard dollar, ÜDM isə 1 milyard dollar artıb.
"Belə çıxır ki, hökumət dəyişikliyinə qədər 2000-ci illərdən bəri hökumətin borc aldığı hər dollar iqtisadiyyatda 2.24 dollar əlavə dəyər yaratmışdısa, mövcud hökumətin borc aldığı hər dollar yalnız 0.33 dollar dəyərində yaradıb. Bu, hazırkı hökumətin səriştəsizliyini göstərirmi? Əlbəttə ki, hə", deyə iqtisadçı qeyd edib.
K.Xaçatryan vurğulayıb ki, borcun artması heç bir inkişafa yol açmayıb və beləliklə borc gələcək nəsillər üçün bəlaya çevrilib.
"2021-ci ilin dövlət büdcəsində təqribən 400 milyon dollar dövlət borcunun xidmətinə yönəldiləcəksə, bu hökumət sayəsində 2025-ci ildə təxminən 1 milyard dollar dövlət borcuna xidmətə yönəldiləcək" deyə Xaçatryan yazıb.