Tanınmış italyan tədqiqatçı Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarından yazır

İtaliyanın aparıcı beyin mərkəzlərindən olan "Nodo di Gordio"nun internet səhifəsində Rusiya, Qafqaz və Orta Asiya üzrə tanınmış tədqiqatçı professor Andrea Marçilianonun "Dağlıq Qarabağ: beynəlxalq ictimaiyyətin susqunluğu şəraitində münaqişə yenidən alovlanır" adlı məqaləsi dərc olunub. A.Marçiliano məqaləsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və münaqişənin kökündə dayanan səbəbləri təhlil edir.

Məqalənin tərcüməsi təqdim olunur:

"Hərbi strategiya dərsliklərində deyildiyi kimi, aşağı intensivlikli münaqişə. Təxminən otuz ilə yaxın davam edən münaqişə. Can almaqda və geosiyasi, iqtisadi və qlobal tarazlıqlar üçün vacib olan bir regionun inkişafını yavaşlatmaqda davam etsə də, media tərəfindən məhəl qoyulmayan münaqişə. Hazırda qəflətən yenidən alovlanan münaqişə. Bu saatlarda bütün dağıdıcı şiddəti ilə yenidən alovlanan Ermənistan və Azərbaycan arasındakı müharibə sanki beynəlxalq diplomatiyanın təəccübünə səbəb olmuşdur. Xüsusilə də, ən böyük kütləvi informasiya vasitələri vasitəçilik və atəşkəsin əldə olunmasına çağırış edirlər. Həm də, 27 sentyabr tarixində alovlanmış müharibə çoxdan elan edilmiş müharibədir. Asanlıqla qabaqcadan təxmin edilə bilən müharibə. İyul ayından etibarən erməni azlığı dəstəkləmək üçün müdaxilə etmiş Yerevanın qoşunlarının dəstəyi ilə 1990-cı illərin əvvəllərində özünün müstəqilliyini elan etmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun sərhədlərində epizodik gərginliklər və toqquşmalar qeydə alınırdı. 1992-1994-cü illərdə nəinki mübahisəli Dağlıq Qarabağ ərazisi, eləcə də ətraf yeddi rayonun Ermənistan hərbi qüvvələri tərəfindən işğalına səbəb olmuş münaqişə. Bir milyon yarımdan çox Azərbaycanlı qaçqınların faciəvi qovulması və bütün regionun əsaslı şəkildə əhalisinin azaldılması. Rəsmi Bakı tərəfindən "etnik təmizləmə" kimi xarakterizə olunan hadisələr. Ərazilərinin  təxminən beşdə birini itirməyə məcbur olmuş Azərbaycan heç vaxt öz ərazi bütövlüyünü yenidən bərpa etmək ideyasından imtina etməmişdir. Və məsələni bütün beynəlxalq təşkilatlarda qaldırmışdır. Lakin veto qoyma oyunları bu əzablı məsələnin sülh yolu ilə və güzəştli həllini tapmaq üçün yaradılmış Minsk Qrupunu iflic etmişdir. İyul ayından etibarən, rəsmi Bakı Ermənistan tərəfindən atəşkəsin davamlı şəkildə pozulmasını elan etmişdir. Bu pozulmalar hazırda açıq münaqişəyə gətirib çıxarmışdır. Həmişə daha çox regional miqyaslı müharibə kimi xarakterizə olunan toqquşmalara başlamaqda Ermənistan və Azərbaycanın bir-birlərini qarşılıqlı olaraq ittiham etməsi ilə müşayiət olunan pozulmalar. Ermənistanın ən böyük qoruyucusu olan Moskvanın təcili müdaxiləsi. Baxmayaraq ki, son zamanlar Rusiya və Azərbaycan arasında münasibətlərdə ciddi yaxşılaşma aydın şəkildə müşahidə olunur. Yeri gəlmişkən, rəsmi Kreml dərhal atəşin dayandırılması və beynəlxalq vasitəçiliyin işə salınmasını xahiş etmişdir. Öz növbəsində, rəsmi Ankara təcili olaraq erməni təcavüzü kimi xarakterizə olunan fəaliyyətə qarşı Azərbaycana öz dəstəyini ifadə etmişdir. Qafqazda bu miqyasda münaqişə beynəlxalq tarazlıqlar üçün ciddi hədə təşkil edir, çünki həm də bütün böyük gücləri və qonşu ölkələri cəlb etməklə genişlənə bilər. Həmçinin, Bakının vacib ticarət tərəfdaşı olan İtaliyanın maraqları üçün də təhlükəli hədədir. Məhz Azərbaycandır ki, biz oradan əhəmiyyətli miqdarda qaz və neft idxal edirik. Bu onilliklərdə bizim böyük şirkətlərimiz Azərbaycan ərazisində çoxlu sərmayə yatırmışlar. Rəsmi Roma Qafqazda baş verənlərə məhəl qoymaya bilməz. Əksinə, məsələnin həll olunmasına yönələn diplomatik fəaliyyəti təşviq etməlidir. Həm Moskva, həm də Ankara ilə möhkəm, yaxşı münasibətlər səbəbindən vasitəçilik etməlidir. Açıq aşkar görünür ki, ərazidə sülhün təmin olunması Yerevanın mütləq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasından keçir. Buna görə də, bir tərəfdən yerli erməni azlığın təhlükəsizliyinə zəmanət verən, digər tərəfdən Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə imkan verən danışıqlardan söhbət gedir. Əlbəttə ki, bu asan deyildir. Lakin dağıdıcı nəticələrə gətirib çıxara bilən münaqişəyə yeganə alternativdir. Həm də Qafqazın sərhədlərindən kənara çıxan münaqişəyə."

Məqalə ilə aşağıdakı keçidlə tanış olmaq mümkündür:

https://nododigordio.org/breaking-news/nagorno-karabakh-riesplode-il-conflitto-nel-silenzio-della-comunita-internazionale/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31