ERMƏNİSTANDA ERMƏNİSTANLIQ QALMAMALIDIR- Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

xüsusi  olaraq Olaylar.az saytı  üçün  

Azərbaycan Prezidentinin Bakının Xətai rayonunda yeni modul tipli hospitalıda yaradılan ortamla tanış olduqdan sonra, AzTV, İTV və "Xəzər"TV-yə verdiyi geniş müsahibə geniş də re­aksiyalar doğurmaqdadır. Bu sətirlərin müəllifi də, müsahibənin koronavirusla, iqtisadi blokla bağlı bölümünə dair məqalə ilə çıxış edib; lakin heç şübhəsiz, cənab Prezidentin işğalçı Ermə­nistanla bağlı dedikləri, həmin müsahibənin ən önəmli blokunu təşkil edir və özünə diqqət tələb edir.

İlk növbədə, onu vurğulayaq ki, məhz koronavirusla mübarizəyə qazandırılmış yeni modul tipli hospitalın açılışında Prezidentin şəxsən iştirak etməsi, habelə ölkəmizin daxili və xarici siyasət məsələləri, ümumən, mövcud durumumuzla bağlı geniş fikirlər bölüşməsi uğurlu hadisə oldu. - Bu, həm, korona­virusla mübarizənin xüsusi nəzarətdə olduğunun, davamlı işlər gö­rüldüyünün göstəricisidir; həm də, digər vacib mövzulara dair dövlət başçısının yaddaqalan, təsirli mövqeyi ilə əlamətdardır. Prezident çox prinsipial məsələlərə məhz prinsipial da mövqe bildirdi.

Heç şübhə yox ki müsahibəyə bütün maraqlı tərəflər, dost da, düşmən də diqqət kəsilib. - Er­mə­nistan siyasi mərkəzləri isə özəlliklə! Dövlət başçısının təhlilləri, qiymətləndirmələri müəyyən suallara malik vətəndaşlarımız üçün də aydınlandırıcı oldu. O sözləri ki deyilidi, onların dəyəri yalnız təsirli olmasında, maraqlı olmasında deyil, məhz kimin tərəfindən deyilməsi ilə ayrı cür  dəyərlidir. O sözləri dövlət başçısı deyirdi - ölkənin ən məsuliyyətli vəzifəsini daşıyan və ən infor­masiyalı insanı!

Mühüm məqamlardan biri, koronavirusun ölkənin 1 saylı problemini (hamımızın ən əsas qayğımızı, dərdimizi - torpaqlarımızın işğalı və bundan irəli gəlmiş problemləri) heç də unutdura, ikinci plana keçirdə bilməməsidir. - Prezidentin fikirləri, gətirdiyi faktlar, dövlətin sabitqədəm şəkildə, təxirəslınmaz formada, düşmən işğalına son verməkçün bütün cəbhələrdə iş apamaqda olduğunun təsbiti oldu; qarşıda bizi nələrin gözlədiyinə dair təsəvvürlərimiz bir daha dərinlik və üfüq qa­zandı.

Azərbaycan Prezidenti Ermənistan mövzusuna, BMT Baş Assambleyasının koronavirusla bağlı Xüsusi sessiyasının keçirilməsinə Ermənistanın "əleyhinə" səs verməsi faktından giriş etdi. Bəlli olduğu kimi, Xüsusi sessiya Azərbaycanın təşəbbüsüdür və artıq dünya miqyasında yüksək qiymət alıb (minimum 97 səs tələbinə qarşı 130 səs toplayıb); təşəbbüs müəllifi olan biz, ÜST-ə üst-üstə 10 milyob manat ianə etmişik, otuz ölkəyə humanitar və maddi dəstək göndərmişik; ölkə daxilində məhz öz gücümüzə yeni modul tipli xəstəxanalar tikmişik, aşıla bilməyəsi bir gərgin­liyimiz yox­dur. Üstəlik, Azərbaycan qlobal həmrəyliyin ən böyük təşəbbüsçülərindən biri, real addımlar atan xeyirxah ölkədir. Bunun qarşılığında, pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri olan Ermənistan - pandemiya ilə bacarmayan, rəsmilərinin döymədiyi qapı qoymadığı, dilənəçi Ermə­nistan... - Bəs, belə olan halda, BMT Baş Assam­ble­yasının Xüsusi sessiyasında Ermənistan da maraqlı olmalıykən, niyə mənfi reaksiya verdi? - Bunun ən sərrast - tarixə düşəsi cavabını cənab İlham Əliyev verdi: "BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünüzün əleyhinə səs verən Ermənistanın mövqeyi bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bu təşəb­büsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məh­su­ludur.

...Ermənistanın mövqeyi onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Bu gün Ermə­nistanda faşizm ideologiyası üstünlük təşkil edir".

Yenə BMT, yenə haqlı Azərbaycan və

yenə haqsız Ermənistan...

Ermənistanın BMT Baş Assambleyasının Xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxmasından biz bir şey itirmədik, əksinə, qazanclı çıxmış sayıla bilərik - təkrarçılıq olmasın, zatən yetərli saydan da artıq ölkənin dəstəyini almışıq; digər yandan, biz özümüz öz problemlərimizlə baş edə bilirik; Problemlər içində olan, koronavirus zəminində itkiləri bizdən çox olan Ermə­nis­tansa, dünya birliyinin gözündə xal itirdi. İstər-istəməz diqqətlər tək "əleyhinə" səsin müəllifinin nə üçün belə davrandığına yönələcək, beləliklə, bir daha Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktı gündəm olacaq. Özü də, məlum 4 qətnamə məhz BMT-də qəbul edilib:

822 (30.04.1993), 853 (29.07.1993), 874 (14.10.1993), 884 (12.11.1993).

Necə deyərlər, yenə BMT, yenə Azərbaycan və yenə rəzil duruma düşən Ermənistan!

(Yaddaş üçün -

822 saylı Qətnamə: Kəlbəcərin işğalından sonra qəbul edilib, bölgədəki hərbi əməliy­yatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaq­larından geri çəkilməsini tələb edirdi;           

853 saylı Qətnamə: bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini, həmçinin 822 saylı Qət­naməyə də əməl edilməsini tələb edirdi;   

874 saylı Qətnamə: atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq, erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23.08.1993), Cəbrayıl (26.08.1993), Qubadlı (30.09.1993) və digər ərazlərdən geri çəkilməsini, həmçinin, öncəki 822 və 853 saylı Qətnamələrə əməl edilməsini də tələbi edirdi;     

884 saylı Qətnamə: Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzə­rindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamədə hərbi əməliyyatların dərhal da­yandırılması, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər ra­yonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə, daha öncə qəbul edilmiş 822, 853, 874 saylı Qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapırdı.)      

Azərbaycan-BMT tarixçəsi: qısa özət

Öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının ən önəmli nailiy­yət­lərindən biri BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi olub. Dövlət müstəqilliyini az müddət öncə bərpa etmiş bir dövlət olmaq etibarı ilə, BMT üzvü olan 155 dövlət tərəfindən səs çoxluğu ilə seçilməsi, respublikamızın dünyada baş verən pro­seslərdə artan rolunun, habelə qlobal barışa, təhlükəsizliyə verdiyi töhfələrin xalqlararası səviy­yədə tanınmasının göstəricisi idi.

Azərbaycan Respublikası, bundan başqa, UNİCEF-in İcraiyyə Şurasına (1995-1997 və 1998-2000-ci illər üçün), Qadınların Statusu üzrə Komissiyaya (2000-2002-ci illər üçün), Dayanıqlı İnkişaf üzrə Komitəyə (2002-2004-cü illər üçün), BMT İnsan Hüquqları Şurasına (2006-2009-cu illər üçün) və BMT-nin İqtisadi və Sosial Şurasına (2003-2005 və 2017-2019-cu illər üçün), BƏT-in İnzibati Şurasına da (2017-2020-ci illər üçün) üzv seçilib.

Bundan başqa, respublikamız BMT-nin orqanları tərəfindən qəbul olunmuş bir sıra Qətnamələrin müəllifi, həmmüəllifi kimi fəal çıxış edib.

Ümumən, Azərbaycan Respublikası ilə BMT arasında 1992-ci ildən (BMT-yə üzv dövlət kimi qəbul edildikdən sonra) başlayan əməkdaşlıqda, ölkəmiz həmişə öz məsuliyyətli, ləyaqətli möv­qeyi ilə seçilib.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində (1992-1995-ci illərdə) BMT tərəfindən göstərilən yardımın əsas hissəsi Dağlıq Qarabağ bölgəsində və ətraf ərazilərdə gedən müharibədən əziyyət çəkmiş qaçqınların, məcburi köçkünlərin təxirəsalınmaz ehtiyaclarının ödənilməsinə yönəlib. Hə­min dövrdə BMT agentlikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və onun ətrafında yer­ləşən yeddi rayondan ( -Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilandan) di­dərgin düşmüş 600.000-dən çox məcburi köçkünü ərzaq, tibbi xidmətlər, sığınacaq və digər qeyri-ərzaq yardımı ilə təmin edib. Bununla yanaşı, 1988-1992-ci illərdə Ermənistanı tərk etmək məc­buriyyəti ilə üzləşmiş 200.000-dən çox azərbaycanlı qaçqın da bu cür yardımla və dəstəklə əhatə olunub.

BMT QAK qaçqın məsələlərinin həllinə dair idarəetmə təcrübəsini və zəruri yardımı Azərbaycana gətirmiş ilk beynəlxalq təşkilatlardan biri olub; UNICEF isə münaqişədən zərər çəkmiş qaçqın və məcburi köçkün uşaqların və yeniyetmələrin vəziyyətinə xüsusi diqqət ayırıb.

BMT ATƏT-in atəşkəsə nail olma və münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəkləməkdə davam edib.

90-cı illərdə BMT hazırda da uğurla fəaliyyət göstərən Azərbaycan Respublikası Ərazilərin Bər­pası və Yenidən Qurulması üzrə Agentliyi (ARRA) və Azərbaycan Respublikası Ərazilərinin Mi­nalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) müvafiq olaraq 1997 və 1998-ci illərdə yaratmaqla, maliyyələşdirməklə və potensiallarını inkişaf etdir­mək­lə, münaqişədən sonra bərpa işlərinin həyata keçirilməsi üçün hökumətə kömək göstərməyi davam edib.

Respublikamız BMT Baş Assambleyasının işində fəal iştirak edir və təşkilatın müxtəlif orqan­larına seçilməklə, habelə bir sıra beynəlxalq zirvə toplantılarında, forumlarında iştirak etməklə, BMT agentliklərinin və proqramlarının fəaliyyətinə dəyərli töhfələr verir.

25.09.2015-ci ildə Azərbaycan da daxil olmaqla BMT-nin 193 üzv dövləti "2030-cu ilədək Da­yanıqlı İnkişaf Gündəliyi"ni qəbul edib. Hazırda BMT-nin rezident və qeyri-rezident agentlikləri hökumətlə yaxından əməkdaşlığı davam etdirir və 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində Azərbaycanın səylərini dəstəkləyir.

2016-cı ildə BMT və Azərbaycan Hökuməti yeni əməkdaşlıq sazişi hesab olunan "2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi"ni (UNAPF) imzalayıb. BMT və Azər­baycan hökuməti arasında bağlanmış dördüncü əməkdaşlıq sazişi olan bu sənəd, yardıma əsas­lanan tərəfdaşlıqdan əməkdaşlığa əsaslanan tərəfdaşlığa keçidi nəzərdə tuturdu.

2016-cı il oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Dayanıqlı İnkişaf üzrə Milli Əla­qələndirmə Şurasının (DİMƏŞ) yaradılması haqqında Fərman imzalamaqla, "2030-cu ilədək Da­yanıqlı İnkişaf Gündəliyi"ni yerinə yetirmək üçün ölkənin siyasi öhdəliklərini ən yüksək səviyyədə nümayiş etdirdi. Şuranın əsas vəzifəsi DİM-lərin milli səviyyədə mənimsənməsi, hər­tərəfli təmin olunması və monitorinq edilməsi yönündə hökumətin və aidiyyəti olan digər milli təşkilatların səylərini əlaqələndirməkdən ibarət olub.

Beləliklə, dövlət müstəqilliyini bərpa etdikdən sonra, nisbətən qısa müddət ərzində, Azərbaycan iqtisadi baxımından keçid dövrünü keçən ölkədən gəlirləri orta səviyyədən yuxarı olan və yüksək insan inkişafı indeksinin qeydə alındığı ölkə səviyyəsinədək qalxıb. Bu cür irəliləyiş nəticəsində Azərbaycan Respublikası 2011-ci ildə Beynəlxalq İnkişafa Yardım Agentliyini (AİDA) yarat­maqla, beynəlxalq və regional miqyasda baş verən proseslərin iddialı və önəmli iştirakçısına, hu­manitar və inkişaf məsələləri üzrə donora çevrilib.

Respublikamız 28 il içində digər ölkələrlə bölüşə biləcəyi zəngin, qabaqcıl təcrübə, texniki biliklər, kamil səriştə və bacarıqlar əldə edib.

Bu, Azərbaycan-BMT üzvlük, əməkdaşlıq tarixçəsinin qısa öztədir. Respublikamız BMT ilə ya­naşı, İslam Konfransı Təşkilatında, Qoşulmama Hərəkatında, Türk Şu­rasında, GUAM-da, bir çox digər platformalarda, öz ədalətli, prinsipial və aparıcı mövqeyi ilə seçilir; haqlı mövqeyimiz Av­ropa Birliyi tərəfindən də dəstək görüb (Bu yaxınlarda bunun bird aha şahidi olduq).

Bütü bu tarixçəni, özəti nə üçün yazdım? - Açıq görünür ki, Azərbaycanın BMT Baş Assamble­yasının Xüsusi sessiyasını çağırmaq təşəbbüsü, hansısa təsadüfün, tendensiyoz məqamların məh­sulu deyil. - Bu, bütün digər məziyyətləri, özəllikləri ilə yanaşı, həm də (önəmli dərəcədə!) bəlli tarixçəyə dayanır.

"Minsk Qrupu özünü  BMT-nin Nizamnaməsindən üstün hesab edir"? -

Prezidentin sualları

Haqlı mövqeyimizin müdafiə gördüyü platformalar olduğu kimi, təəssüf ki, ədalətsizliklərlə də üzləşirik. Cənab Prezident yerli TV-lərə müsahibəsində bu barədə də danışdı. Özəlliklə, ATƏT-in Minsk Qrupunun həmsədrlərini daha ciddi, konkret və məqsədyönlü mövqeyə, addımlara dəvət etdi, tənqidi suallarını çatdırdı:

"ATƏT Minsk Qrupu Ermənistanın baş nazirinin "Qarabağ Ermə­nis­tandır" iddiasına niyə cavab vermir? Niyə cavab verilmir ki, bu ifadə, əslində, Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiy­yətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir.

Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? - Verilmir!

..."Formatı dəyişmək lazımdır" fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!

Qondarma Dağlıq Qarabağda saxta seçkilər nəticəsində seçilməmiş saxta prezident Şuşada "and­içmə" mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?!

Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq?!

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil. BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub. Minsk Qrupu özünü  BMT-nin Nizamnaməsindən üstün hesab edir?!

Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Bu məsələ ilə bağlı Minsk Qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?!

ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla sax­layır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Minsk Qrupu həmsədrləri buna adekvat reaksiya veriblər?"

Və suallardan sonra Azərbaycanın mövqeyi: "Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil!"

Əlbəttə...

Beynəlxalq səviyyədə qəbulgörmüş istilahla desək, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi"nin ( -əsl adı ilə desək, Ermənistanın öz havadarlarının dəstəyinə arxalanaraq Azər­baycan torpaqlarını işğalı, bu işğaldan irəli gələn problemlərin) həlli məsələsində, dövlətimizin mövqeyi tarixi ədalətə, beynəlxalq hüquqa əsas­lanır. - Bizim işimiz haqq işidir. - Azərbaycanın ərazi bütövlüyü həll olunmalıdır; Azərbaycan torpağında 102 il öncə bir erməni dövləti qurulub, torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına icazə verməyimizi gözləyənlər böyük yanıl­qı içindədir! Bu, mümkün olmayacaq! - Özəlliklə, "Azərbaycan bu gün beynəlxalq siyasətin zir­vəsindədir, amma bizə şər atanlar böhran içindədir"sə heç mümkün olmayacaq...

Dövlətimiz zaval görməsin!

Bayrağımız uca olsun!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31