AFR ədliyyə naziri ölkə Konstitusiyasından “irq” sözünün çıxarılmasını təklif edib
17 İyun 2020 12:05 DünyaAlmaniya Federativ Respublikasının (AFR) ədliyyə naziri Kristine Lambrext ölkə Konstitusiyasında "irq" termini əvəzinə başqa bir söz seçməyi təklif edib.
AZƏRTAC xəbər verir ki, nazirin fikrincə, bu söz artıq köhnəlib və vətəndaşların dərisinin rənginə görə ayrı-seçkilikdən müdafiə olunması üçün münasib termin deyil.
İkinci Dünya Müharibəsindən sonrakı illərdə, ölkənin indiki Konstitusiyasının mətni tərtib edilərkən bu termin həmin dövr üçün adekvat idi. Lakin Lambrextin fikrincə, yeni minillikdə cəmiyyətin ayrı-seçkilikdən qorunması üçün son illərin meyillərini tam əks etdirən daha mükəmməl linqvistik vasitələr axtarıb tapmaq lazımdır.
"Solçular" və "yaşıllar" naziri dəstəkləyərək razılaşıblar ki, Konstitusiyada belə bir ifadənin işlədilməsi insanların "kateqoriyalara" bölünməsini leqallaşdırır.
İndi ölkənin Əsas Qanununa müvafiq dəyişikliklər edilməsi üçün Bundestaq üzvlərinin üçdə iki hissəsinin razılığını almaq lazımdır.