Çində ikinci dalğa: 10 məhəllə karantinə alındı - Yaponiya təşvişdə

Çinin paytaxtı Pekində topdansatış mərkəzlərindən birində qaynaqlanan yeni virusa yoluxma faktı ölkədə ciddi narahatlıq yaradıb.

Teleqraf.com xəbər verir ki, bazarda infeksiyaya yoluxanların sayı 79 nəfər olub.

Çinin Hubey əyalətinin Baodin şəhərində hərbi vəziyyət elan edilib. Şəhər Pekinin qonşuluğunda yerləşdiyi üçün iki şəhər arasında sərnişin və yük daşımaları sıx həyata keçirilir. Baodində 11,5 milyondan çox əhali yaşayır.

Hazırda ölkə üzrə yoluxma rəqəmlərində artım müşahidə edilir. Çin Səhiyyə Komitəsi dünən 49 yeni yoluxma faktını qeydə alıb. 39 nəfərin yerli, 10 nəfərin isə xarici vəətndaş olduğu açıqlanıb. Bundan başqa, 39 yoluxma faktının 36-sı Pekində, 3-ü isə Hubey əyalətində aşkar edilib. Pekində yoluxmanın mərkəzi kimi topdansatış mərkəzi göstərilir.

Yeni yoluxma faktlarından sonra Pekində COVID-19 testi keçirmək çün 98 xəstəxana ayrılıb. Gündəlik 90 min şəxs üzərində test aparılır.

Çin baş nazirinin müavini Sun Cunlan paytaxtda virusun yayılma riskinin yüksək olduğunu bildirib və məmurlardan qəti tədbirlər görməsini istəyib.

Hazırda Çində COVID-19-un ikinci dalğasının başlanmasına dair ciddi narahatlıqlar var.

Xatırladaq ki, son virusa yoluxma halları Çində 56 gündən sonra ilk dəfə baş verir. Bəzi iddialara görə, artıq Pekində 10 məhəllə karantinə alınıb.

COVID-19-la ən effektiv mübarizə aparan ölkələr sırasında öndə gələn Yaponiyada da durum narahatlıq yaradır. Yaponiya Baş naziri Şinzo Abe son açıqlamasında ikinci dalğanın başlaya biləcəyinə dair xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31