Almaniyadan səyahət qadağası ilə bağlı YENİ QƏRAR
10 İyun 2020 18:18 DünyaAlmaniya koronavirusun yayılması səbəbiylə Avropa İttifaqı xaricindəki ölkələr üçün "səyahət xəbərdarlığı" nı avqustun sonuna qədər uzadıb.
Almaniyanın Xarici İşlər naziri Heiko Maas yazılı açıqlamasında Nazirlər Kabinetinin "səyahət xəbərdarlığını" Aİ ölkələri, İngiltərə və digər Şengen ölkələri istisna olmaqla 31 avqusta qədər uzatmaq qərarına gəldiyini bildirib.
Maas Aİ xaricində olan ölkələrə məhdudiyyətsiz səyahət etməyə imkan verən ortaq meyarlar və koordinasiya proseslərinin olmadığını qeyd edib.
Alman Xəbər Agentliyinin (DPA) verdiyi xəbərə görə, Nazirlər Kabinetinin qərarı ilə Aİ xaricində olan ölkələrə səyahət xəbərdarlıqları avqustun 31-dək uzadılsa da, virusun yayılmasının yavaşladığı ölkələrə istisnalar edilə bilər.
Eyni zamanda açıqlamada həmin ölkələrdə ediləcək qiymətləndirmələrdə COVID-19-a yoluxma halının inkişafı, gigiyena qaydaları, test qabiliyyəti, şəffaflıq, səhiyyə sisteminin tutumu və səyahətdən sonra ölkəsinə qayıtma imkanları nəzərə alınacağı qeyd edilib.
Qeyd edək ki, Almaniyada Nazirlər Kabineti, keçən həftə 15 iyundan etibarən Aİ ölkələri, İngiltərə və Şengen ölkələrinə səyahət xəbərdarlıqlarını ləğv etmək qərarına gəldiyini deyib.
sonxeber.az