Amerika və Azərbaycan arasında strateji əməkdaşlıq yüksək səviyyədədir

Azərbaycanın xarici siyasət konsepsiyası, strategiyasında yaxın və uzaq ölkələrlə yaxından əməkdaşlıq, ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirmək mühüm istiqamət təşkil edir. Məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz günümüzdə dünyanın əksər dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurub, bu əlaqələri daha da genişləndirib. Bu gün Azərbaycan təkcə region ölkələri deyil, eləcə də dünyanın mühüm güc mərkəzləri, super dövlətləri ilə də normal əlaqələrə malikdir. Bu sırada Birləşmiş Ştatlar da xüsusi çəkiyə və yerə malikdir.  Xüsusilə son illərdə Vaşinqtonla Bakı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin bir-biri ilə əməkdaşlığa xüsusi maraq göstərməsi Vaşinqtonla Bakı arasında əməkdaşlığı hər ötən gün yeni mərhələyə qaldırır, gələcək əməkdaşlıq üçün yeni-yeni perspektivlər açır. Bu günlərdə Birləşmiş Ştatlar prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda da qeyd etdiyimiz məqamlar öz əksini tapır.

Ağ Ev rəhbərinin dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubuna diqqət çəkən millət vəkili Anar Məmmədov deyib ki, son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənib, əlaqələri xeyli genişlənib. Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır: "Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoşulmaqdadır. Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən ölkəmiz regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Bu mənada Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Birləşmiş Ştatlar Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlaması ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir. Etiraf etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin formalaşmasında bu ölkənin kifayət qədər böyük rolu var". Millət vəkili deyib ki, bu gün iki ölkə arasında strateji əməkdaşlıq yüksək səviyyədədir: "Siyasi və təhlükəsizlik sahəsi ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq çox müsbət dəyərləndirilir. Təbii ki, Birləşmiş Ştatların Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir".

Anar Məmmədoiv deyib ki, ABŞ prezidentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməyi ifadə etməsi isə dünyanın diqqət mərkəzinə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqelərinin ABŞ-ın mövqeləri ilə üst-üstə düşməsi, Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən xəbər verir. Belə olan təqdirdə isə ABŞ tərəfindən göstərilən hər bir dəstək bizim üçün çox önəmlidir: "Son günlərdə dünya liderlərinin cənab Prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubları ünvanlanması Azərbaycanın və ölkə başçımızın böyük nüfuz sahibi olmasının göstəricisidir. Azərbaycan artıq güclü dövlətlər sırasında yer alıb. Şübhəsiz ki, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında bu mövqeyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31