Almaniyada bayraqları təhqir edənlər həbs olunacaq

Almaniya Bundestaqı Avropa İttifaqının rəmzlərinə və xarici ölkələrin bayraqlarına qarşı hörmətsizliyə görə cərimə və ya həbs cəzasını nəzərdə tutan qanun qəbul edib. İndiyə qədər ölkədə cəza yalnız Almaniyanın özünün rəmzlərini təhqir etməyə görə tətbiq olunurdu.

Yeni qanuna əsasən gələcəkdə Aİ və xarici ölkələrin rəmzlərinə hörmətsizlik edənlərə üç ilə qədər həbs cəzası verilə bilər.

Almaniya KİV-ləri qanunun qəbul edilməsinə səbəbin 2017-ci il hadisələri olduğunu yazıb. Belə ki, o zaman Berlində etirazlar zamanı nümayişçilər İsrail bayraqlarını yandırmışdılar. Hadisədən sonra ölkənin Ədliyyə naziri Kristin Lambrext bayraqların kütləvi şəkildə yandırılmasının dinc etirazla əlaqəsi olmadığını bildirib. Onun sözlərinə görə, bu cür hərəkətlər yalnız nifrət, qəzəb və aqressiyaya səbəb olur.

Qanun layihəsinə qarşı yalnız "Almaniya üçün Alternativ" partiyasının fraksiyası çıxış edib. Onlar düşünürlər ki, xarici bayraqlara hörmətsizliyə görə cəza fikir azadlığına həddən artıq müdaxilədir.

azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31