Türkiyədən Ukrayna vətəndaşlarına DƏSTƏK- 6 ölkə rədd etmişdi
8 May 2020 12:46 DünyaTürk Hava Yollarının köməyi ilə 9 Ukrayna vətəndaşı Ukraynaya qayıtmaq üçün Argentinadan Türkiyəyə gətirildi.
Olaylar.az bildirir ki, Ukraynanın Türkiyədəki səfiri Andrii Sybiha "Ukrayna tərəfi Argentinadakı vətəndaşlarını gətirmək üçün təyyarələrini göndərən 6 ölkə ilə əlaqə yaradaraq, Ukrayna vətəndaşlarıyla da bağlı lazımi köməkliyin göstərilməsini xahiş etdi. Təəssüf ki, xahişimiz rədd edildi. Digər 6 ölkə xahişimizi rədd etdiyi halda, bu çətin günlərdə bizə yardım əlini uzadan həqiqi strateji tərəfdaşımız olan Türkiyəyə minnətdarıq", - deyə bildirib.
Sybiha daha əvvəl də Türkiyənin dəstəyi ilə çox sayda ukraynalını bir çox ölkədən Ukraynaya göndərdiklərini söyləyib.
O, qeyd edib ki, bu günə qədər Türkiyənin dəstəyi ilə səfirlik olaraq 3 mindən çox vətəndaşlarını Ukraynaya göndəriblər: "Burada həm Türkiyədəki, həm də digər ölkələrdəki vətəndaşlarımızı nəzərdə tuturam. İstanbul bir mərkəz olaraq müəyyən edildi."
Sybiha Türkiyə ilə Ukrayna orqanları arasındakı qarşılıqlı müsbət münasibətlərin davam edəcəyinə ümid bəslədiyini vurğulayıb.