Avropa ölkələrinin tətbiq etdiyi bəzi qadağalar iqtisadi və ticari əlaqələrə necə təsir göstərəcək?

Koronavirus pandemiyasının daha çox ziyan vurduğu Avropa postpandemiya dövründə bir sıra qadağalar tətbiq etməyi nəzərdə tutur. Bu qadağalara iqtisadi, ticari əlaqələrdən tutmuş, turizm, bəzi xarici səfərlər, miqrasiya və s. aiddir. Təbii ki, hər bir ölkə özünəməxsus şəkildə bu qadağaları tətbiq edir. Bəs görəsən tətbiq edilən bəzi mexanizmlər Azərbaycanla əlaqələrə, xüsusilə də iqtisadi-ticari əlaqələrə necə təsir göstərəcək? 

Sözügedən məsələni şərh edən Almaniyada yaşayan soydaşımız, Severa Group Şirkətinin direktoru Rəşad Quliyev  deyib ki,  Avropa ölkələri məlum pandemiyanın ikinci dalğasından ehtiyatlanaraq öz tədbirlər planları üzrə çox ciddi şəkildə hərəkət edirlər. Onun sözlərinə görə, Fransa Prezidenti E.Makron Avropa ölkələrinin liderlərinə şengen zonaya giriş qadağası tətbiq etməli olduqlarını söyləyib: "Avropa Komissiyası da öz növbəsində bu məsələyə çox isti münasibət bəsləyir. Regionda bir çox ölkələr iyun ayının sonuna kimi hava və quru sərhədlərini tamamilə bağlayıblar. Almaniyada ölkədaxili uçuşlar belə ləğv edilib. Karantin müddəti artıq üçüncü dəfədir ki, artırılıb. Şəhər sakinlərinə öz şəhərlərini əsaslı səbəb olmadan tərk etmək qadağan edilib. Xarici işlər naziri iyunun 14-nə kimi ölkəyə giriş və çıxışa tətbiq edilən məhdudiyyət müddətinin daha da artırılacağını istisna etməyib. Həmçinin 2020-ci il ərzində milli viza sahibləri istisna olmaqla ölkəyə turistik səfərin Şengen viza ilə qeyri mümkün olacağı gözlənilir".

Bəs belə olduğu halda Azərbaycan və Almaniya arasındakı ticarət dövriyyəsinin ana sütununu təşkil edən avtomobil alqı-satqısı və daşınması necə və kimlər tərəfindən həyata keçiriləcək? Rəşad Quliyev bildirib ki, Avropaya getmək üçün tələb edilən viza növləri 2 cürdür. Birincisi, Şengen viza, ikincisi, milli viza. Şengen vizası turistik və ya işgüzar səfərlərdə konkret gün sayı göstərilməklə verilir. Adətən bir girişli şengen vizası turistlər üçündür. Hansı ki, konkret olaraq hotel rezervasiyası və gediş-gəliş bileti ilə təsdiq edilmiş meyarlar əsasında qalacağı günlər nəzərə alınaraq qısa müddət üçün verilir. Və ya avtomobil alqı-satqısı ilə məşğul olan iş adamları və Avropaya çoxsaylı səfər edən şəxslər X (multi) çox girişli multivizaya sahib ola bilirlər. Bu vizanın müddəti 6-24 ay arası olsa da, Avropada hər 180 gün ərzində üst-üstə sadəcə 90 gün qalmaq icazəsi verir. Yəni viza sahibi öz limitini hər dəfə Avropaya giriş-çıxış etdikdə yoxlamalı və viza qüvvədə olduğu müddətdə həmin limiti keçərsə, Avropaya girişi qadağan olunduğu üçün növbəti 90 günü gözləməlidir. Şengen viza şəxsə Avropada yaşamaq və işləmək icazəsi üçün hökümətə müraciət etmək hüququ vermir.
Milli viza isə Avropaya ailə birləşməsi üçün gedənlərə, həyat yoldaşı və uşağa şamil edilmədən, Avropada təhsil alan tələbələrə, Avropada şirkət sahibi olan iş adamlarına verilir. Milli viza maksimum 1 il müddətinə və Avropaya çoxgirişli say olaraq verilir. Milli vizanın şengen vizadan fərqi isə onunla vizanı aldığın ölkədə yaşamaq və işləmək hüququna sahib olmaqdır. Şəxs ölkəyə daxil olduqdan sonra miqrasiya idarəsinə müraciət edərək, gəliş səbəbinə əsasən ölkədə yaşama və işləmə icazəsi ilə təmin edilərək, ölkədən asılı olaraq 1-4 ay ərzində ona həmin ölkənin şəxsiyyət vəsiqəsi təqdim edilir. Vizaların fərqini izah etməkdə məqsədim Almaniyaya yaxın aylarda ölkəyə girişin bir müddət milli viza ilə olacağı təqdirdə, bundan kimlərin yararlana biləcəyini çatdırmaqdır. Təbii ki, belə olacağı təqdirdə müəyyən vaxta kimi prinsip etibarı ilə ölkəmizə avtomobil idxalında çox ciddi şəkildə azalmanın şahidi olacağıq. Çünki avtomobil satışı ilə məşğul olan şəxslərin bir çoxu şengen viza əldə edərək avtomobili Avropadan özü alıb, daşınmasını da məhz özü edir. Nəğd pul ilə alınma və daşımanı sürücünün özünün şəxsən həyata keçirməsi məhz gömrük rəsmiləşdirməsi zamanı avtomobilin dəyərləndirilməsində bir çox problemlər yaradır. Avropaya girişin isə belə çətin olacağı Azərbaycana avtomobil daşınmasının yalnız TİR-lar və qonşu ölkə - Gürcüstana konteyner gəmi vasitəsi ilə mümkün olacağına əsas verir. Bu isə malın çatdırılma vaxtının artmasına və maya dəyərinin yüksəlməsinə gətirib çıxardır. Hesab edirəm ki, avtomobil bazarındakı "ölümcül" vəziyyət hələ 2021-ci ilin ilk kvartalına kimi davam edəcək. Nəzərə alsaq ki, satışlar qış fəsli dayanır və yaz fəslinə doğru mart ayından başlayaraq dirçəlməyə doğru gedir. Bu isə bizə avtomobil bazarının növbəti 1il ərzində ciddi şəkildə "çabalayacağını" deməyə əsas verir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31