Məşhur alimin süni nəfəs aparatı koronavirus xəstələrinə verildi
22 Aprel 2020 18:27 Dünya2018-ci ildə vəfat etmiş dünya şöhrətli britaniyalı alim, fizik, kosmoloq, astrofizik Stiven Hokinqin əlil arabasına quraşdırılmış, vaxtilə xüsusi olaraq onun üçün hazırlanmış süni nəfəs aparatı koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanaya hədiyyə edilib.
Süni nəfəs aparatını Britaniyanın Kembric şəhərindəki "Royal Papworth" tibbi mərkəzinə alimin övladları bağışlayıblar. Bir zamanlar Stiven Hokinq bu xəstəxanada müalicə olunub. O zamanlar atasına göstərilən qayğını unutmadıqlarını söyləyən məşhur alimin qızı, jurnalist, yazıçı və xeyriyyəçi Lüsi Hokinq bu xoşniyyətli addımdan sonra müxtəlif şəxslərin koronaviruslu xəstələrə kömək məqsədilə topladığı, tibbi ləvazimatla dolu iki yardım torbasını da klinikaya təhvil verilib.
Qeyd edək ki, indiyədək Böyük Britaniyada 130 minə yaxın adam koronavirusa yoluxub. Onlardan 17 min 337 nəfəri vəfat edib. Kembricdəki "Royal Papworth" tibbi mərkəzi hazırda koronavirus xəstələri üçün ayrılıb.
moderator.az