Braziliya məhkəməsi ölkə prezidentinə qarşı qadağa tətbiq etdi

Braziliyanın Rio-de-Janeyro məhkəməsi ölkə prezidenti Jair Balsonaruya koronavirusa qarşı mübarizə çərçivəsində aparılan tədbirlərə qarşı informasiyalar yaymağı və "tövsiyyələr verməyi" qadağan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "DW" portalı məlumat yayıb.

Verilən informasiyaya görə, hakim Laura Bastus Karvalyu federal hökumətdən dərhal "Braziliya dayana bilməz" adlı kampaniyanı durdurmasını, dövlət məmurlarından isə koronavirus epidemiyasını şübhə altına alan qeyri-elmi və əsassız çıxışlarını dayandırmasını tələb edib.

Bununla əlaqədar hökumətə hazırda yürütdüyü siyasətin elmi meyar və faktlardan uzaq olduğu göstərilməklə məhkəmə əmrinin icra ediləcəyi barədə yazılı bildirişin dərc olunması üçün bir gün vaxt verilib. 

Bundan başqa məhkəmə prezidentin pandemiya dövründə dini məkanları ziyarət etməyə icazə verən fərmanını ləğv edərək kilsəni yenidən karantinə geri qaytarıb.

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə Braziliya prezidenti Jair Balsonaru millətə müraciətində Rio-de-Janeyro şəhərinin meri Marselo Krivilla və San-Paulu ştatının qubernatoru Joao Junioru "idarə etdikləri bölgələri normal həyata qaytarmağa" və karantin tədbirlərini bitirməyə çağırmışdı.

"Onsuz da risk qrupunda 60 yaşdan yuxarı olanlar göstərilib. Məktəbləri niyə bağlayırsınız?", - deyə Braziliya dövlət başçısı söyləyib. Jair Balsonaru koronavirus infeksiyasını "kiçik qrip" adlandıraraq mətbuatı əhali içində qorxunu saxlamaqda suçlayıb.

Hazırkı ana qədər Braziliyada 3,9 min koronaviruslu xəstə rəsmi şəkildə qeydiyyata alınıb. Onlardan 117 nəfəri dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31