Qırğız parlamentinin sədr müavini karantinə alındı
Qırğız parlamentinin sədr müavini karantinə alındı
13 Mart 2020 14:16 DünyaQırğız Respublikası parlamentinin sədr müavini Aida Kasımaliyeva və deputat Abdıbek Düşaliyev koronavirus şübhəsi ilə əlaqədar karantinə alınıb.
Bunu Aida Kasımaliyeva bildirib.
Onun sözlərinə görə, parlament sədri müavinin başçılıq etdiyi Qırğızıstan deputatlarından ibarət nümayəndə heyəti Almaniya parlamentinin dəvəti ilə Berlində səfərdə olub. Onlar səfərdən 3 gün əvvəl qayıdıblar. "Berlində vəziyyət sabit idi. Biz Səhiyyə Nazirliyimizlə məsləhətşdik. Görüş yüksək səviyyədə olduğundan səfəri reallaşdırmaq qərarını verdik. Biz Almaniyaya gedəndən sonra orada vəziyyət kəskin dəyişdi. Ona görə də biz vaxtından əvvəl geri qayıtdıq. Əvvəlcədən isə səfərin martın 15-dək davam etməsi planlaşdırılmışdı", - A.Kasımaliyeva açıqlayıb.
Sədr müavini bildirib ki, paytaxt Bişkekdə təyyarədə və hava limanında tibbi yoxlamadan keçiblər: "İndi özümü yaxşı hiss edirəm və evdən işləyirəm. 10-12 gündən sonra təkrar analiz verəcəyik".
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 812-ə çatıb. Bunların 70 395 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
virtualaz.org