Ermənistandan Rusiyaya növbəti xəyanətkarlıq - ŞOK
Ermənistandan Rusiyaya növbəti xəyanətkarlıq - ŞOK
12 Mart 2020 13:23 DünyaHindistan istehsalı olan "Swathi" (batareya atəşini aşkarlayan) sistemlərinin alınması üçün rəsmi İrəvanın Dehli ilə 40 milyon dollarlıq müqavilə imzaladığı haqda məlumatlar yayılıb. Hindistanın "Timesnow.com" saytının dərc elədiyi bu xəbərdə deyilir ki, sözügedən radar sisteminin Ermənistana çatdırılmasına start verilib.
Nə qədər qəribə olsa da, erməni mediası bu haqda hələ ki, susur...
Adi bir modernləşdirilmiş yüngül zirehli texnika alanda bunu fantastik bir hadisə kimi qələmə verən erməni mətbuatının susqunluğu, əslində çox şeydən xəbər verir.
Deməli, Hindistanla milyonlarla dollar civarında müqavilə bağlayan Ermənistan kreditlə silah aldığı Rusiyaya etdiyi xəyanəti təbliğ etməkdən çəkinir. Təbii ki, Ermənistanda ən elementar gəlişmələrə nəzarət və müdaxilə edən rəsmi Moskvanın bu "Swathi"lərdən xəbərsiz qalacağını düşünmək sadəlöhvlük olar. Amma rəsmi İrəvan aldığı yeni silah sistemi haqda informasiyaları yaymamağı hərbi sirri qorumaq kimi də qələmə verə bilər.
Bəs əslində nə baş verir? Paşinyan hakimiyyətinin yürütdüyü siyasətdən də görünür ki, rəsmi İrəvan Rusiya silah bazarından mümkün qədər yayınmağa can atır. Bu fakt bir müddət əvvəl baş verən "ORSİS" silah qalmaqalında da özünü açıq biruzə verirdi. Rusiya istehsallı hərbi ləvazimatların yararsız olduğunu nümayişkaranə şəkildə ifadə edən erməni tərəfi nəticədə yenə də Kremldən silah alışına dair kredit paketi "qopara" bildi.
Hindistandan "Swathi" radar sistemlərini alan Ermənistan hökuməti dolayısı ilə Rusiyanın anoloji döyüş vasitələrinin güvənsiz və yaxud da yararsız olduğunu yenidən ortaya qoyub.
Digər tərəfdən də, maraqlı bir məqam ortaya çıxır. Necə olur ki, rəsmi İrəvan Rusiyadan silahı kreditlə, Hindistandan nəğd şəkildə alır?! Başqa bir yandan isə, Ermənistanın bu gedişi ABŞ və Avropa İttifaqının nüfuzunu da zərbə altında qoyur.
Məlumdir ki, iqtisadi vəziyyəti çox ağır olan Ermənistanın ümümdaxili məhsulu nəinki ordunun saxlanmasına, heç əhalinin minimal ehtiyaclarının ödənməsinə də yetmir. Buna görə də, Avropa ölkələrindən və Birləşmiş Ştatlardan sosial, iqtisadi və təhsil layihələri adı altında aldığı maliyyə yardımını silah alışına yönəldir. Bu isə o deməkdir ki, hələ də Azərbaycana qarşı işğalçılıq siyasətindən, Gürcüstana və Türkiyəyə qarşı isə ərazi iddiasından əl çəkməyən rəsmi İrəvan bölgədəki müharibə gərginliyini saxlamaq üçün Qərbdən və Birləşmiş Ştatlardan maliyə dəstəyi alır.
Xatırladaq ki, bir müddət əvvəl Amerika Birləşmiş Ştatları Ermənistanın sərhəd xidmətinə xeyli miqdarda hərbi yardım göstərmişdi. Bu faktın özü də, sərhədlərini hələ də rus hərbiçiləri qoruyan Ermənistan tərəfindən Rusiya üçün, bir növü, təhqir demək idi. ABŞ-ın ermənilərə verdiyi hərbi ləvazimatlara ehtiyacın ortaya atılması məhz, belə hərbi döyüş və ya müdafiə-müşahidə vasitələrinin Rusiya silah bazarında anoloqunun olmamasına və ya olanların da yararsızlığına eyham vurmaq idi.
Eyni hal Hindistandan alınan radar sistemlərinin fonunda da baş verir. Ermənistan bununla deməyə çalışır ki, Rusiyanın anoloji radar sistemləri güvənsiz olduğundan rəsmi İrəvan hind silah bazarına üz tutmağa məcbur olub.
Bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyində bu qurumun silah-sursatla təchizatı vəzifəsini icra edən idarənin Rusiyaya bağlılığı ilə tanınan zabitlərinin işdən uzaqlaşdırılması faktını da Paşinyan hökumətinin rəsmi Moskvadan qopmaq cəhdi kimi qəbul etmək olar.
Son illər dünyanın müxtəlif silah sərgilərində heç kimə lazım olmayan məhsulları ilə çıxış edən Ermənistanın əslində bu tədbirlərə üz tutması kəşfiyyat xarakteri daşıyır. Rəsmi İrəvanı və erməni silah şirkətlərini təmsil edən nümayəndələr nəinki öz məhsullarını nümayiş etdirirlər, əksinə, böyük silah şirkətlərinin stendlərində daha çox vaxt keçirməklə istehsalçılarla əlaqələrin qurulmasına çalışırlar.
Daha bir məqama da nəzər yetirmək vacibdir. Son illər Gürcüstanda keçirilən NATO təlimlərində iştirakdan mümkün qədər yayınmağa çalışan Ermənistan son iki ildə bu tədbirlərdə iştiraka maraq göstərməyə başlaıyb. 2017-ci ildə Gürcüstanın cənubunda keçirilən "Agile Spirit 2017" hərbi təlimlərinə qoşulmağa razılıq verən Ermənistan tədbirdə işitirakdan son anda imtina etmişdi. Bildiyimiz kimi, 1515 hərbiçinin cəlb olunduğu həmin təlimlərdə Azərbaycan istisna olmaqla, qalan 6 ölkənin - Gürcüstan, ABŞ, Ukrayna, Bolqarıstan, Rumıniya və Latviyanın Rusiya ilə həbi bağlılığı çox aşağı səviyyədə idi.
Amma birdən-birə rəsmi İrəvan Gürcüstanda reallaşan NATO təlimlərində iştirak etməyə maraqlı görünməyə başlayıb. Əslində, bu fakt da onu deməyə əsas verir ki, Ermənistan dünya ölkələri ilə hərbi əlaqələrinin qurulmasında Kremlin diktəsindən yaxa qurtarmağa can atır...
Əslində, bu da, İrəvanın Moskvaya xəyanəti silsiləsinin məntiqi ardıcıllığınndan başqa bir şey deyil...
sia.az