Fransada hökumətə etimad məsələsi səsə qoyula bilər

Fransada hökumətə etimad məsələsi səsə qoyula bilər

Fransada Milli Assambleyada pensiya qanunu layihəsi ilə bağlı hökumətin 49.3 maddəsini tətbiq etməsi deputatların narazılığı ilə qarşılaşıb və nümayişlər yenidən başlayıb.

AZƏRTAC xəbər verir ki, "İrəli Respublika" (LREM) partiyasından iki deputat pensiya qanunu layihəsi ilə bağlı 49.3 maddəsinin tətbiqi qərarının səbir kassası üçün son damla olduğunu bildirərək, bu partiyanın sıralarını tərk edib.

Hökumətin 49.3 maddəsinin tətbiqi ilə bağlı qərarından sonra bu gün sağçı və solçu partiyalar tərəfindən hökumətə etimadla bağlı səsvermə keçirilməsinə dair Respublikaçılar və Kommunist partiyalarının üzvləri tərəfindən 2 təklif irəli sürülüb. Hökuməti 289 deputat etimad göstərmədiyi təqdirdə, istefa gözləyir.

V Respublika dövründə Fransada hökumətə etimadla bağlı sonuncu səsvermə 1962-ci ildə Şarl De Qolun vaxtında keçirilib. Həmin səsvermənin nəticəsində təkcə hökumət deyil, eyni zamanda parlament də buraxılıb.

Pensiya qanunu layihəsi ilə bağlı bildirilir ki, Milli Assambleyada qəbul edildikdən sonra qanun layihəsi sağların əksəriyyət təşkil etdiyi Senata təqdim olunacaq.

Xatırladaq ki, 40 min dəyişiklik təklif olunmuş pensiya qanun layihəsi Milli Assambleyada 15 gün müzakirə olduqdan sonra yalnız 1 maddə qəbul olunub. Hökumət qanun layihəsinin qəbul edilməsi prosedurunu sürətləndirmək məqsədi ilə Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndini tətbiq etməklə bağlı qərar qəbul edib. Qərara əsasən sözügedən qanun layihəsi müzakirə və səsvermə olmadan qəbul edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31