Ərdoğanın qar uçqununa düşən baş müşaviri yaralıları ziyarətə gedibmiş
Ərdoğanın qar uçqununa düşən baş müşaviri yaralıları ziyarətə gedibmiş
6 Fevral 2020 12:04 DünyaXəbər verdiyimiz kimi, Türkiyənin Van bölgəsinin Bahçesaray rayonunda 38 nəfərin ölümü ilə nəticələnən qar uçqununa düşənlərdən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxandır.
Onun fevralın 4-də 4 nəfərin ölümünə səbəb olan birinci qar uçqununda xəsarət alanları ziyarət etmək üçün Vana getdiyi və faciə bölgəsinə çatıb xəstələrə baş çəkdikdən 5 dəqiqə sonra özünün də təbii fəlakətlə üzləşdiyi məlum olub.
Bildirilir ki, Gülşən Orxanın sürücüsü Siyabənd Dayan uçqun altında qalaraq vəfat edib.
Baş müşavirin qohumu hadisəni belə nəql edib: "Səhər saatlarında Ankaradan təyyarə ilə təcili Vana gəldi. Bizdən 5 dəqiqə öncə hadisə yerinə çatıb. Biz avtomobildən endik. Hadisə yerinə yaxınlaşırdım ki, ikinci qar uçqununun baş verdiyini gördüm. Onun uçqun altında qaldığını təxmin etdim. Tez axtarış-xilasetmə işlərinə qatıldıq. Öncə mühafizəçisi xilas edildi. Mühafizəçi Gülşən xanımın harada olduğunu gördüyü üçün bizə yerini göstərdi və onu xilas edə bildik".
Qeyd edək ki, 49 yaşlı Gülşən Orxan AKP-dən 23 və 24-cü müddətə millət vəkili seçilib. 2016-cı ildən Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsini icra edir.