Virus təkcə insanları yox, bazarı da “öldürür”: Yeni bazar milyardlar qazandıracaq
Virus təkcə insanları yox, bazarı da “öldürür”: Yeni bazar milyardlar qazandıracaq
3 Fevral 2020 16:18 DünyaDünya iqtisadiyyatında önəmli yeri olan Çin bu mövqeyini uduzmaq təhlükəsi ilə üz-üzədir.
360 nəfərin ölümünə səbəb olan koronavirus ölkəni olduqca çətin duruma salıb. 18 min nəfər virusa yoluxub, 150 mindən artıq insan karantin altındadır.
Bu isə ilk növbədə iqtisadiyyatı çətin vəziyyətə salıb. Fond birjalarında əsas indekslər 8 faizə qədər düşüb. Çin yeni iş həftəsinə belə başlayıb. Hazırda Çinin şəhərlərində ən çox satılan məhsul qoruyucu maskadır. Sənaye Nazirliyinin son açıqlamasına görə, istehsal durmadan artır. Tələbat yüksək olduğuna görə hazırda gündə 20 milyon ədəd qoruyucu maska istehsal olunur.

Ölkələr qoruyucu tədbirlərini alır, məsələn, ABŞ son 2 həftədə Çində olan əcnəbilərin ölkəyə girişinə qadağa qoyub. Cənubi Koreya ehtiyat qoşunların bu ilin martına planlaşdırdığı təlimi təxirə saldığını elan edib. Ölkələr vətəndaşlarını Çindən tez-tələsik təxliyyə edir.
Rəsmi Pekin öldürücü virusun təkcə insanları yox, həm də iqtisadiyyatı "öldürdüyünü" etiraf edib. Bunun təsirlərini maksimum azaltmaq üçün hökumət sahibkarlara kredit vəd edir. Bura xüsusən koronavirusla mübarizədə əmək sərf edən şirkətlər daxildir.
Mütəxəssislər koronavirusa görə peyvənd hazırlanması və sınaqdan keçirilməsinə cəlb edilib. Bu sahəyə böyük maliyyə vəsaitinin axını gözlənilir. Qazanc da az olmayacaq. Peyvənd hazırlanarsa, bazarda dərhal alıcı tapacağı şübhəsizidir. /Cebhe.info/