Putinin köməkçisinin sensasion istefası – Kremldən açıqlama
Putinin köməkçisinin sensasion istefası – Kremldən açıqlama
27 Yanvar 2020 16:10 DünyaRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentin köməkçisi Vladislav Surkovun istefası ilə bağlı yayılan xəbərləri, həmçinin, Kremlin Ukraynaya münasibətinin dəyişməsinə dair yayılan xəbərləri şərh edib.
D.Peskov jurnalistlərə açıqlamasında deyib:
"Hələlik yalnız onu deyə bilərəm ki, Surkovun vəzifəsindən azad edilməsi ilə bağlı hələ heç bir qərar verilməyib. Surkov hələ də prezidentin köməkçisi olaraq qalır".
Bununla belə, D.Peskov V.Surkovun işə çıxıb-çıxmadığı barədə konkret fikir bildirməyib.
"Heç bir dəyişiklikdən söhbət gedə bilməz", - bunu isə D.Peskov Kremlin Ukraynaya siyasətinin dəyişməsinə dair yayılan xəbəri şərh edərkən deyib. Bununla yanaşı o əlavə edib ki, Kremlin strategiyası heç vaxt Ukrayna ilə qarşıdurma ideyalarına söykənməyib.
"Rusiya iki ölkə arasında münasibətlərin qurulmasının tərəfdarı idi və tərəfdarıdır", - deyə Kreml nümayəndəsi bildirib.
Bundan əlavə, Peskov qeyd edib ki, hazırda Kremldə Ukrayna istiqaməti üzrə məsələlərlə de-yure Vladislav Surkov və lazım gəldikdə prezident köməkçisi Yuri Uşakov məşğuldur.
Qeyd edək ki, şənbə günü bir sıra xarici KİV-lərdə Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun tutduğu postu "Ukrayna istiqamətində" kursun dəyişməsi ilə əlaqədar tərk etdiyi barədə xəbərlər yayılıb.