Misirin yeni hərbi bazası istifadəyə verilib
Misirin yeni hərbi bazası istifadəyə verilib
15 Yanvar 2020 16:59 DünyaMisir Silahlı Qüvvələrinin modernləşdirilməsi proqramı çərçivəsində Qırmızı dənizin sahilində "Berenis" adlı yeni hərbi bazanın açılışı olub. AZƏRTAC "Egypttoday" portalına istinadla xəbər verir ki, açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Əbu-Dabinin vəliəhd şahzadəsi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Sultan Əl-Nəhyan iştirak ediblər.
Qeyd olunub ki, Misirin Yaxın Şərqdə ilk ən böyük hərbi bazası 2017-ci ildə Əl-Hamam şəhərinin yaxınlığında açılıb. Yeni baza isə hərbi-texniki təchizat baxımından daha mükəmməldir.
Berenis Qırmızı dəniz sahilində yerləşən ən qədim limandır. Onun əsası eramızdan əvvəl 275-ci ildə Ptolemey II Filadelfus tərəfindən qoyulub.
Açılış mərasimindən sonra Misir və BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə olunub.