Qitə yanır: Yanğın daha 9 şəhərə çatdı
Qitə yanır: Yanğın daha 9 şəhərə çatdı
10 Yanvar 2020 14:34 DünyaAvstraliyanın Yeni Cənubi Uels ştatının bir neçə bölgəsində baş verən yanğınlar 500 min hektardan çox meşəni əhatə edən kütləvi yanğına birləşib.
Olaydan dərhal sonra ətraf ərazilərdə yaşayan bütün sakinlərə evakuasiya təlimatı verilib.
Kütləvi yanğınlar sakinlərin köçürüldüyü Talbinqo, Vondalqa, Kunama və Batlou şəhərlərinə keçib.
Yeni Cənubi Uels və Viktoriya bölgəsindəki yanğına ən yaxın doqquz bölgə üçün dərhal təxliyə təlimatları verilib. Hazırda ştatda 134 meşə yanğını qeydə alınıb, bunlardan 54-ü lokallaşdırılmamış qalır.
Ötən ilin oktyabr ayının ortalarında Avstraliyanın şərq bölgələrində genişmiqyaslı meşə yanğınları başlayıb. Yanğın qitənin cənub-şərqindəki Yeni Cənubi Uels və Viktoriya ştatlarında geniş əraziləri əhatə edir. Cənub sahillərindəki bir neçə bölgə turistlər üçün bağlanılıb və sakinlər təcili təxliyə edilib.
Qitədə baş verən yanğınlar nəticəsində 8 milyon hektardan çox meşə, 3 minə yaxın yaşayış binası və 4 mindən çox inzibati və məişət binası məhv olub. 2019-cu ilin oktyabr ayından bu yana dörd yanğınsöndürən də daxil olmaqla yanğında 25 nəfər, 500 milyona yaxın heyvan həyatını itirib.