Amerikanın yeni Yaxın Şərq siyasəti - ŞƏRH

Ankara və Tehran hədəfdə

Qardaş Türkiyəyə qarşı təzyiqlər davam edir. 24 iyun seçkilərində Rəcəb Tayyib Ərdoğanın məğlub olacağına ümid edən antiTürkiyə cəbhəsi seçki nəticələrinin onlar üçün arzuedilən olmamasından dolayı seçkilərdən sonra Ankaraya qarşı basqıları bir qədər də artırıblar. Hətta vəziyyət o həddə çatıb ki, Türkiyə də sanksiyalarla üzləşmək təhlükəsi ilə qarşılaşıb. Hər halda Birləşmiş Ştatlar prezidenti Donald Trampın belə bir niyyətdə olması barədə yayılan xəbərlər bunu deməyə əsas verir. Ekspertlər hesab edirlər ki, Vaşinqton tərəfindən atılacaq bu addım Türkiyə ilə Birləşmiş Ştatlar arasında ciddi problemlərə yol aça bilər.

Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.

O, bildirib ki, Ankara və Vaşinqton arasında söz savaşı yerini iqtisadi sanksiyalara vermək yolundadır. Politoloqun sözlərinə görə, Birləşmiş Ştatlar prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiya tətbiq edəcəyi barədə yaydığı tvit mesajı iki müttəfiq ölkənin əlaqlərinə zərbə vura bilər: "Qeyd edim ki, ABŞ hakimiyyətinin Türkiyəyə qarşı bu sərt siyasəti, əsasən Ərdoğan hakimiyyətinə qarşı yönəlməsi danılmaz faktdır. Fakt budur ki, Rəcəb Tayyib Ərdoğanın müstəqil siyasəti, Rusiya ilə hərbi-syasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməsi, həmçinin Birləşmiş Ştatların sanksiyalar çağırışına rəğmən İranla iqtisadi əlaqələri qoruyacaq mesajını verməsi, Ağ Evin səbrini tarıma çəkir. Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan "S- 400" havadan müdafiə raket sistemlərini almasına cavab olaraq və amerikalı rahib Brunsonun həbsini əsas gətirərək, Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini prezident və vitse-prezident səviyyəsində elan edib. Artıq, Konqrens tərəfindən Türkiyəyə "F-35" yeni nəsil təyyarələrinin ixracının dayandırılması haqqında qanun qəbul edilməsi sanksiyaların başlanğıcıdır. Qeyd edim ki, Ərdoğan iqtidarına qarşı siyasət aparmaq üçün Donald Trampa təsir edən İsrail və ABŞ yevangelistləridir. Trampın ətrafı yəhudi və yevangelistlərlə sarılıb. Hətta vitse-prezident Mayk Pens yevangelistdi və onun ötən günkü tvitti birbaşa Ərdoğan iqtidarına qarşıdır . Onun rahib Brunsonun azad edilməsi üçün Türkiyəyə qarşı sanksiyanın tətbiqi ilə bağlı mesajı Türkiyə hakmiyyətini zəiflətmək və Vaşinqtonun iradəsinə tabe etdirmək kimi dəyərləndirirəm. Artıq, Konqrensdə Türkiyənin maliyyə-kredit, iqtisadi və hərbi sahələrinə sanksiyalar gündəmə gəlir".

Politoloq deyib ki, Birləşmiş Ştatların müttəfiqinə qarşı bu demarşı ABŞ-Türkiyə müttəfiqliyinə son qoya bilər: "Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Birləşmiş Ştatlar rəhbərliyinə xəbərdarlıq edib. Bununla da ABŞ-ın regionda mövqeyi kəskin şəkildə zəifləyə bilər. Ağ Evin Yaxın Şərqdə güclü və daimi müttəfiqi Türkiyədir. Ərəb ölkələri demək olar ki, oturuşmuş güclü dövlət təsisatlarına malik deyil, aydın və strateji siyasətləri yoxdur. Tramp kürəkəni yəhudi əsilli Kuşnerin diqtəsi ilə NATO müttəfiqinə qarşı sanksiyalar tətbiq edərsə, Türkiyə Rusiya və İranla birgə strateji ox yaradıb, Vaşinqtonun Yaxın Şərqdə siyasi-hərbi fəaliyyətinə qarşı mübarizə apara bilər.  Bir tərəfdən Ağ Ev tərəfindən müttəfiq Ankaraya qarşı hədə biçilir, digər tərəfdən Pentaqon şefi Mettis Türkiyəni önəmli müttəfiq adlandırır və Menbicdə birgə hərbi fəaliyyətdən danışır. Görünən budur ki, Ağ Ev və  Konqresdə Türkiyəyə qarşı bu kampaniyaya start verilib. Amma, Dövlət Departamenti və Pentaqonda olan analitiklər Türkiyənin müttəfiqliyini və strateji ölkə kimi əhəmiyyətini anlayırlar". Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-la birgə hərəkət edən İsrail rəhbərliyi, Ərdoğanın fəal Yaxın Şərq siyasətindən ehtiyat edir: "Donald Trampın Türkiyəyə qarşı siyasəti əsasən İsrail tərəfindən idarə olunur.  Vaxtında ABŞ, Suriyada PKK terror təşkilatının qolu olan YPG-ya lojistik və siyasi dəstək verməsəydi, Türkiyəyə lazımi "PATRİOT" raketlərinin satışını həyata keçirsəydi, Ankaranın milli təhlükəsizlik maraqlarını nəzərə alsa idi, Ankara-Moskva yaxınlaşması baş tutmaya bilərdi. Tarix boyu Qərb ölkələri Türkiyəyə qarşı plan qurduqda, avtomatik olaraq Türkiyə-Rusiya strateji yaxınlaşması baş verib. Ötən gündən başalayaraq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı vəzifədaşı Pompeo ilə telefon danışıqları aparır. Ankara çalışır ki, ABŞ Türkiyənin milli maraqlarına hörmətlə yanaşsın və müttəfiqliyə zərər gətirən siyasətə yol verməsin. Bir müddət İki ölkə arasında yüksələn xətlə inkişaf edən soyuq münasibətlərin qaydaya salmaq çox çətin olacaq. Dövlət Departamenti və Pentaqon çalışacaq ki, iki ölkənin mənafeyinə uyğun birgə ortaq razılığa gəlib, müttəfiqliyi qoruyub saxlasınlar".

Politoloq Vaşinqtonun İranla bağlı siyasətinə də toxunub. Bildirib ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp İranla ilkin şərt olmadan danışıqlara hazır olduğunu qeyd edib: "Görünür Tramp Şimali Koreya ilə apardığı siyasəti İrana da tətbiq etmək niyyətindədir. Amma, İran, ABŞ-la danışıqlar üçün üç şərt irəli sürürb.Təbii ki, ABŞ hakimiyyəti İranın heç bir irəli sürdüyü şərtini qəbul etməyəcəyi şübhəsizdir. Qeyd edim ki, iki ölkənin masa arxasına əyləşib problemləri həll etməsi uzaq perspektivdədir. Hesab edirəm ki, mötədil Ruhani hökuməti, ABŞ-ın təklifləri ilə razılaşa bilər. Amma, İranda güclü olan mühafizəkarlar, Trampın təkilflərini qəbul etdiyinə görə Ruhanini hakmiyyətinə son verərlər". Məhəmməd Əsədullazadə deyib ki, hazırda ABŞ-İran gərginliyi yüksələn xətt üzrə davam edir: "Nə Vaşinqton, nə də Tehran qarşlıqlı güzəştə hazır deyillər. İranın Yaxın Şərqdə hərbi-siyasi fəaliyyəti, ABŞ-ı narahat edir və maraqlar ciddi şəkildə toqquşur.. Vaşinqton İranın aktiv bölgəsəl siyasətinin qarşısını almağa çalışır. İran da bu siyasətə müqavimət göstərir. İki ölkə arasında müharibənin başlaması isə, Körfəz ölkələrinin və Səudiyyə Ərəbistanının İran tərəfindən vurulmasına və boğazların bağlanması ilə Yaxın Şərqdə miqyaslı və dağıdıcı müharibəyə səbəb ola bilər. Bununla da ABŞ-ın da regionda fəaliyyəti ciddi zərbə alar. Ona görə də real müharibə ehitmalı gözlənilmir. Yalnız, ABŞ İrana qarşı "Yumşaq gücdən" istifadə edərək daxildən ölkədə iqtisadi və sosial partlayışa aparacaq sanksiyalar həyata keçirməklə ölkənin zəifləməsinə nail olar. İrana tətbiq olunan sanksiyalar noyabrdan sonra daha da genişlənəcək, ölkədə sosial etirazlara və iqtisadi defolta aparmaqla, Yaxın Şərqdə mövqelərinin zəifləməsinə səbəb olacaq. Qeyd edim ki, ABŞ, yalnız daxılı faktorlar hesabına İranda rejim dəyişiliklərinə nail ola bilər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31