Kreml İrana vasitəçilik edir: İsraillə nəticə əldə edilməsə…
25 İyul 2018 12:52 Dünya"Əslində Rusiya çox mürəkkəb vəziyyətdədir".
Bu sözləri açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Baş Qərargah rəisi Valeri Gerasimovun İsrail səfərinə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, bu səfər Rusiyanın regiondakı nüfuzuna da təsir edə bilər:
"Çünki İsrail və İran arasında vasitəçi rolu Rusiyanın diplomatiyasının nə dərəcədə səmərəli olmasını sübut edəcək. Bu istiqamətdə Rusiya diplomatiyası məğlubiyyətlə üzləşərsə, regionda nüfuzu azala bilər. Ona görə də indi Rusiya açıq-aşkar nə İranın, nə də İsrailin mövqeyini dəstəkləyir. Sadəcə olaraq, Rusiya çalışır ki, regionda Əsəd rejiminin nüfuzu möhkəmlənsin. Nəzərə almalıyıq ki, İran Əsəd rejimini dəstəkləyir, İsrail isə Əsədə qarşı çox sərt mövqedən çıxış etmir. Burada Rusiyanın mövqeyi bundan ibarətdir ki, regionda əlavə gərginlik yaranmasın və Suriya ordusunun mövqeləri möhkəmlənsin. Rusiya bölgəyə tam nəzarətin Suriya qüvvələrinin etməsini istəyir".
Politoloq vurğulayıb ki, İran və İsrail bölgəyə ümumi nəzarəti əllərinə almağa çalışır:
"Onlar ikisi də bu bölgənin ümumi nəzarətini öz üzərinə götürmək niyyətindədir. Hər ikisi bu fikrindən vaz keçmir. Bu da vəziyyətin mürəkkəbləşməsinə səbəb olur. Rusiya çalışacaq ki, burada boşluğu özü doldursun. Rusiyanın yürütdüyü dəst-xəttin məhsuldar olub-olmamasını vaxt göstərəcək. Amma bütün hallarda bu məsələ üzrə danışıqlar hələ uzun müddət davam edəcək".
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Baş Qərargah rəisi Valeri Gerasimov dünən İsrailə səfər edib. Səfər çərçivəsində onlar Qüds şəhərində İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüblər.
Axar.az