Tramp-Putin görüşü nə vəd edir? Şərh

İki ölkə arasında olan buzlar əriyəcəkmi?

Bu günlər dünyanın əsas diqqət mərkəzində olan məkanlardan biri də Finlandiyanın paytaxtı Helsinki şəhəri oldu. Bu diqqətə səbəb olan başlıca amil isə Birləşmiş Ştatlar prezidenti Donald Trampla onun Rusiyadan olan həmkarı Vladimir Putinin arasında baş tutan görüş idi. Ağ Evə rəhbərliyi zamanından Rusiya ilə münasibətləri gərginləşdirən Donald Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi, bu prosesə Avropanı da cəlb etməsi nə zamansa Trampla Putinin görüşünün mümkün olacağı ehtimalını belə yaxına buraxmırdı. Lakin bir neçə həftə əvvəl Ağ Ev rəhbərinin Birləşmiş Ştatların tarixi düşməni hesab edilən Şimali Koreya lideri ilə görüşməsi bir çoxlarının mümkünsüz hesab etdiyi situasiyaların hər an mümkün ola biləcəyi əminliyini yaratdı. Elə Donald Tramp-Vladimir Putin görüşü də bunlardan biri idi. Dünyanın iki super gücünün dövlət başçıları arasında keçirlən görüşdən dərhal sonra hər iki ölkə mediası, eləcə də dünya KİV-ləri Helsinki görüşünün nəticələri barədə müxtəlif mövqe və yanaşmalar ortaya qoydular. Paralel olaraq analitiklər, ekspertlər də ABŞ və Rusiya prezidentləri arasında keçirilən görüş barədə öz fikirlərini bölüşürlər. Bəs görəsən, dünyanın iki super gücünün dövlət başçıları arasında keçirilən görüşün nəticələri nədən xəbər verir?

"Atlas" Araşdırmalar Mərkəzinin  rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Birləşmiş Ştatlar və Rusiya prezidentlərinin Helsinkidəki görüşlərinin ardından keçirdikləri birgə mətbuat konfransından bir neçə nəticə hasil edilib Onun sözlərinə görə, birincisi, Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında terrorizmlə birgə mübarizənin aparılmasının tərəfdarıdır: "Məsələn, Vladimir Putin təklif edib ki, xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq davam etsin və bu sistemli şəkil alsın. İkincisi, Putin istəyir ki, iki ölkə arasında Suriyada əməkdaşlıq formatları tapılsın. Putin Trampa kompliment edərək onun Şimali Koreya nüvə məsələsinin həllindəki yüksək rolunu vurğuladı. Halbuki, Tramp özününkülərindən narazıdır ki, niyə Amerikada onun Şimali Koreya nüvə məsələsinin həllindəki rolunu lazımınca qiymətləndirmirlər. Putin bu mənada Trampın zəif damarını tapıb. Üçüncüsü, İran məsələsində razılaşma əldə olunmadı, tərəflərin mövqelərində dəyişiklik baş vermədi, bu heç gözlənilmirdi də. Tramp İranı çökdürmək istəyir və bu planında heç bir dəyişiklik etməyəcək. Dördüncüsü, prezidentlər Suriya məsələsində də hər hansı razılıq əldə etmədilər. "Rusiya ABŞ-dakı seçki prosesinə qarışmayıb və qarışmayacaq" - bu fikri Putin bir daha amerikalı həmkarının diqqətinə çatdırdı. Trampdan olsa Putinə inanardı. Məsələ burasındadır ki, Trampa Amerikada müxalif olanlar, o cümlədən Konqres və media Putinin dediklərinə inanmır və Ağ ev sahibi durumu dəyişə bilmir. Putinin mətbuat konfransında amerikalı jurnalistin sualına cavab olaraq "bəli, mən Amerikada prezident seçkisində Trampın qələbə qazanmasını istəyirdim" etirafı da Ağ Ev sahibinə ölkəsində az problem yaratmayacaq. Putin inanır ki, Trampla dialoq ümumi işin xeyrinədir. Ancaq Konqres və Amerikadakı müxtəlif siyasi və media mərkəzləri belə hesab etmir". Politoloq deyib ki, Ukrayna məsələsində tərəflərin mövqeləri dəyişməyib: "Bu görüşə qədər ehtiyat edilirdi ki, Donald Tramp Krımın ilhaqını qəbul edə bilər. Helsinkidə bu baş vermədi. Mətbuat konfransında prezidentlər Ukrayna mövzusuna ümumiyyətlə toxunmadılar. Tramp üçün Ukrayna mövzusu açıq-aşkar arxa plana keçib. Halbuki, Barak Obamanın dövründə Ukrayna mövzusu aktual idi. Çünki, Ukraynadakı hadisələr məhz Obamanın dövründə cərəyan etmişdi. Obama özünə borc bilirdi ki, Ukraynanı dəstəkləsin. Trampın isə belə bir dərdi yoxdur. Bu görüşə baxmayaraq, Tramp Avropanın Rusiyadan enerji asılılığının əleyhinədir və bu durumu dəyişməyə çalışır. Ancaq Tramp mətbuat konfransında Rusiyanı və Putini düşmən deyil, yaxşı mənada rəqib adlandırdı. Tramp Putinin gözünün içinə baxaraq onu düşmən adlandıra bilməzdi. Ona görə də əvvəlki ritorikasını zəiflətdi. Ancaq görüşdən sonra Tramp yenə də istədiyi kimi danışacaq. Tramp mətbuat konfransında onu da açıq dedi ki, Rusiya iki ölkə arasındakı münasibətlərin soyumasında Amerikanın keçmiş administrasiyalarından az günahkar deyil". Elxan Şahinoğlunun sözlərinə görə, Helsinki görüşünün əsas nəticəsi budur ki, iki ölkə arasında müxtəlif məsələlərdə dərin fikir ayrılıqları olsa da, dialoq davam edəcək: "Trampa və Putinə də elə bu lazım idi. Ancaq Putinin amerikalı həmkarı ilə dialoqda bir problemi yoxdursa, Trampı daxildə ciddi suallar gözləyir. Amerikadakı siyasi mərkəzlər və media ABŞ prezidentinin Putinlə dostluğunun və sıx dialoqunun əleyhinədir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31