Avstriya İtaliya ilə sərhəddə nəzarəti bərpa etmək niyyətindədir
3 İyul 2018 17:04 DünyaAlmaniyada böyük koalisiya daxilində miqrant və qaçqın siyasəti ilə bağlı əldə edilən razılaşmadan sonra Avstriya hökuməti yeni vəziyyətlə əlaqədar təcili tədbirlər görməyə məcbur olub.
Avstriyanın kansleri Sebastian Kurts Avstriya və əhalisi üçün yarana biləcək mənfi təsirlərin qarşısı vaxtında alınmalıdır. Federal kansler S.Kurts, vitse-kansler Haynts-Kristian Ştraxs və daxili işlər naziri Herbert Kiklin adından yayılan birgə bəyanatda qeyd edilir ki, Merkel-Zeehofer razılaşması Berlində bütün hökumət tərəfindən dəstəklənəcəyi təqdirdə Avstriya öz cənub sərhədlərinin mühafizəsini gücləndirməyə məcbur olacaq: "Almaniyanın məsələyə yanaşması bir daha ümumavropa xarici sərhəd mühafizəsinin nə dərəcədə vacib olduğunu sübut edir və Avstriyanın mövqeyini bir daha təsdiqləyir ki, daxili sərhədləri olmayan Avropa yalnız qorunan xarici sərhədlərlə mümkündür".
2015-ci ildə Avropaya miqrant axınından nəticə çıxaran Avstriya uzun müddət Sloveniya, İtaliya və Almaniya ilə sərhəd-buraxılış məntəqələrində və eləcə də yaşıl sərhədlərində yoxlamalar həyata keçirirdi. Yeni vəziyyətlə əlaqədar Avstriya, ilk növbədə, İtaliya ilə sərhəddə yerləşən Brenner keçidində sərhəd nəzarətini tətbiq etmək niyyətindədir.