Küveyt ilk dəfə yüngül xam neft ixrac edib
3 İyul 2018 15:10 DünyaKüveyt bu gündən etibarən ilk dəfə olaraq yüngül xam neft ixrac etməyə başlayıb.
Bu barədə Küveytin neft naziri Bakheet Al-Rashidi deyib.
O, ölkəsinin dənizdə qurulan neft platformalarından yüngül xam neft çıxarmağı bacardığını və ilk dəfə olaraq ixracını həyata keçirdiyini bildirib. Küveytin bu addımı onun neft ixrac edən ölkələr sırasındakı mövqeyini artıracaq və iqtisadi dəstəyi təmin edəcək.
"Küveyt yüngül xam neftlə yanaşı, bəzi yeni neft məhsullarını da ixrac siyahısına əlavə edəcək", - deyən nazir yüngül xam neftin ixracının həcmi və ya hansı ölkəyə göndərildiyini açıqlamayıb.
Küveytin yüngül xam nefti beynəlxalq bazarlarda ölkəyə qazanc gətirən yüksək keyfiyyəti və kükürdün miqdarının azlığı ilə seçilir.
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan Küveyt gündəlik xam neft istehsalını 85 min barrel artıraraq 2 milyon 785 min barrelə çatdırıb.