Stepan Qriqoryan Volodinin sözlərinə qarşı çıxdı - ERMƏNİ HƏYASIZLIĞI
28 İyun 2018 13:57 Dünya"Dağlıq Qarabağ problemi bizi narahat etməyə bilməz. Bilirsiniz ki, Rusiya münaqişənin sülh yolu ilə həlli tərəfindən çıxış edir...Kimlər ki, münasibətin qızışmasını istəyir və kimlər ki, insanların sülh şəraitində yaşamaq istəklərinə qarşı çıxır, əlbəttə ki, doğru yolu tutmurlar. Biz, bu kimi halların baş verməməsi üçün əlimizdən gələni etməliyik". SİA xəbər verir ki, Rusiyanın Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycan Parlamentinin sədri Oqtay Əsədovla Bakıda keçirdiyi görüşdəki fikirlərini Ermənistanın 1in.am saytı yazıb və həmin fikirlərin davamı olaraq qeyd edilib ki, Volodin Azərbaycanın bu məsələdə konstruktiv və doğru mövqe tutduğunu da vurğulayıb.
Erməni saytı bununla bağlı Ermənistanın Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryana müraciət edərək, onun fikirlərini öyrənib. Belə ki, Volldinin Azərbaycanın konstrukktiv və doğru mövqe tutması fikirlərinin nə qədər doğru olması ilə bağlı jurnalistin sualını cavablandıran S.Qriqoryana görə, Azərbaycan aktiv fəaliyyət göstərir və Ermənistanda baş verən prosesləri diqqət mərkəzində saxlayır. Bununla yanaşı, erməni politoloqu nə qədər də qəribə olsa da, Rusiya kimi dövlətin parlament sədrinin fikirlərini ciddi saymadığını da dilə gətirib. Misal üçün, o deyib: "Əgər Putinin mətbuat katibi, yaxud Rusiya XİN-nin mətbuat katibi Zaxarova nə isə desələr, hətta bizə qarşı (ermənilər nəzərdə tutulur-red.) zərərli olan məsələlər barədə danışsalar, bununla razı olaram ki, panikaya düşüb, həmin fikirlərin qarşısını almaq üçün müəyyən addımlar barədə fikirləşmək olar. Əks halda, hər hansı bir deputatın, yaxud spikerin düşüncələrini ciddiyə almağa ehtiyac yoxdur. Volodinin ifadələrini ciddi kimi qəbul etmək lazım deyil".
Göründüyü kimi, erməni politoloqu Qriqoryan Rusiya Dumasının spikerinin həqiqət tərəfdən danışmasını, Azərbaycanın konstruktiv mövqe sərgiləməsi etirafını kölgədə qoymaq üçün məhz bu cür gülünc iddia ilə çıxış edir.
Azərbaycan Ordusunun İcevan, Kəlbəcər, eləcə də Qarabağ istiqamətində strateji əhəmiyyətli mövqelərə sahib olması, o cümlədən, mühəndis-istehkamlarını bərkidərək uğurlar əldə etməsi məsələsinə də toxunan S.Qriqoryan jurnalistin bu qədər böyük masştablı mobilizənin indiyə qədər baş vermədiyi və ermənilərin belə bir vəziyyətdə sakit dayanmaları ətrafında verdiyi sualını cavablandırarkən deyib ki, baş nazir Paşinyanın təhlükəsizlik şurasının birinci iclasını keçirməsi də əbəs deyildi və s. Beləliklə, Qriqoryan Ermənistanın təlaş və vahimə içində olmasını etiraf edib.
Ermənistanın Qloballaşma və regional əməkdaşlıq analitik mərkəzinin rəhbəri Serj Sarkisyan amilinə də toxunaraq bildirib ki, o, gec, ya da tez ölkənin milli təhlükəsizlik xidmətinə çağırılacaq. Daha dəqiq desək, 2016-cı ilin aprelində baş verən məğlubiyyətlə bağlı o sorğu-suala çəkiləcək. "O, şahid kimi danışmalı və patronların çatmaması, vacib təchizatların olmaması barədə bildiklərini deməli və niyə Aprel müharibəsindən sonra heç kimin həbs olunmadığı haqqında danışmalıdır. Bəziləri isə işdən çıxarılsalar da, sonradan yüksək vəzifələrə təyin edildilər".
Nəticə olaraq, görünən budur ki, Ermənistanda anti-Rusiya meyllərinin mövcudluğu məhz Volodinin fikirlərini inkar etmək baxımından da görünür. Lakin ermənilər özlərinə nə qədər də təskinlik versələr də, heç nəyə nail olmayacaqları göz önündədir. Azərbaycanın qalibiyyət yürüşləri və ermənilərin bənzər açıqlamalarla çıxış etmələri bu faktı kifayət qədər təsdiq edir.
SİA