NATO sammiti yaxınlaşır və müttəfiqləri yalnız bir şey narahat edir - Tramp!
28 İyun 2018 13:55 DünyaNATO bir ildən çoxdur ki, özünün növbəti sammitinə hazırlaşır.
Lakin əvvəlki zirvə toplantılarından fərqli olaraq hər kəs üçün yeni və müəmmalı faktor yaranıb. Bu isə ABŞ prezidenti Donald Trampdan başqası deyil.
"Heç kim hansı prezidentin gələcəyini bilmir. Belə ki, o ya müttəfiqlərini hərbi xərclərinə görə söyən aqressiv bir adam kimi, ya da öz ölkəsində hərbi məsrəfləri artırmasına görə öyünən şəxs olaraq görünəcək", - "The New York Times" qəzetindən Stiven Erlanger yazır.
Müəllif bu sammitdə Rusiyanın təhdidərinə qarşı həmrəylik nümayiş etdirməyə hazırlaşan NATO üzvlərinin bütün cəhdlərinin yeni ziddiyyətlər və Trampla Putin arasında planlanan görüş səbəbindən hədər gedəcəyi ilə bağlı narahat olduqlarını ifadə edir.
"Avropalı rəsmilər "Böyük yeddilik" görüşündəki Trampla yenidən qarşılaşacaqlarından qorxurlar. Həmin görüşdə iştirak edənlər Trampı olduqca kobud, qızğın və həm də gülməli adam kimi təsvir edirlər", -yazıda qeyd olunub.

Belə ki, Tramp həmin vaxt beyninə yalnız iki şeyi qoyub və ancaq bunlardan danışıb-avropalılarla ticarətin qeyri-ədalətliliyi və "qoca qitə" ölkələrinin hərbi xərclərinin az olması...
Daha sonra isə Ağ Ev rəhbəri Sinqapura Şimali Koreya diktatoru Kim Çen Inla görüşə gedib və onun haqqında ağızdolusu təriflər yağdırıb.
"İndi həm amerikalı, həm də avropalı diplomatlar eyni sxemin təkrarlanacağından ehtiyat edirlər - hay-küylü, ziddiyyətlə dolu NATO Sammiti və onun arxasınca başqa bir diktatorla, yəni Putinlə baş tutacaq mehriban və səmimi şəraitdə keçiriləcək görüş"... - məqalədə yazılıb.
ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi Nikolas Bernsin sözlərinə görə, sammitin əsas gündəmi Rusiyanın NATO və Şərqi Avropa qüvvələrinin birgə səyləri ilə durdurmaq olmalı idi. Lakin əgər D.Tramp bunun yerinə Rusiya ilə dialoqun vacibliyindən, üstəlik Moskvanın əvəzində nə təklif etdiyini çatdırmadan danışsa, bu əsl qarmaqarışıqlığa gətirib çıxaracaq.

İndi "G7"-də olduğu kimi, NATO ölkələri Trampın "ağıl öyrədən" çıxışları zamanı ya ona gülümsəyərək qulaq asmalı, ya da dözməyib etiraz etməlidirlər. Lakin belə olan halda onlar prezidentin tvitterdəki qara siyahısına düşməli olacaqlar.
"Avropalı məmurlar indi Trampa hansı tərzdə reaksiya verəcəklərini, bunun Vaşinqtonla ikitərəfli münasibətlərə necə təsir göstərəcəyini götür-qoy etməkdədirlər", - Yeni Amerika təhlükəsizliyi mərkəzinin Transatlantik təhlükəsizlik üzrə proqramının direktoru Culianna Smit müəllifə bildirib.
Almaniyanın Beynəlxalq münasibətlər üzrə şurasının direktoru Daniela Şvartserin söylədiyinə əsasən, burada əsl təzyiq altında özünü hiss edəcək ölkə Almaniyadır. ABŞ-ın Avropa avtomobillərinə rüsum qoymaqla təhdidlərini və NATO sammitini nəzərə alaraq Almaniya üzərində bu basqı daha da artacaq.
Bundan başqa, Trampın Putin heyranlığı ayrıca narahatlıq səbəbidir.

Parisdə yerləşən Beynəlxalq strateji araşdırmalar institutunun direktoru Fransua Eysburun sözlərinə görə, Tramp instinktiv olaraq hərəkət edərək, avtokrat Putinlə ikitərəfli anlaşmaya gedə və NATO-nu qurban verə bilər.
"Yəni Tramp Krımın işğalına görə Rusiyanın üzərinə qoyulmuş sanksiyaları götürə, NATO-nun hərbi təlimlərini xitam etdirə və Baltikyanı ərazilərdən qoşunları çıxara bilər. "Necə ki, biz bunu Kim Çen Inla görüşdən sonra gördük", - Eysbur deyib.
NATO ölkələrini başqa bir məsələ də qayğılandırır. Bu da Trampın NATO-ya yeni üzvlərin qəbul olunmaını əngəlləməsi ilə əlaqədardır. Məsələn ABŞ prezidenti NATO və Avropa Birliyi naminə öz adını dəyişdirən Makedoniyanın təşkilat üzvlüyünə veto qoya bilər.
"Simvolik və uğurlu NATO sammitinən sonra Putinlə görüşmək başqa, problemli zirvə toplantısından sonra görüş isə tamam başqa məna kəsb edir", - Marşal fondunun Almaniya şöbəsinin direktoru, keçmiş diplomat Yen Lesser məqalə müəllfinə qaranlıq proqnozunu verib.
Musavat.com