Bir sıra ölkələrdəki aclıq və cəfalətin başlıca səbəbi silahlanmadır
28 İyun 2018 13:43 DünyaVətəndaş müharibələrinin olduğu ölkələr bir növ silah bazarına çevrilib
Dünyada bir tərəfdən inkişaf, tərəqqi getdiyi halda, digər tərəfdən aclıq, səfalət hökm sürür. Xüsusilə də bir çox regionlarda hökm sürən müharibələr, daxili qarşıdurmalar minlərlə insanın həyatını itirməsinə, öz ev-eşiklərindən didərgin düşüb aclıq-səfalət halında yaşamasına yol açır. O zaman ortaya maraqlı bir sual çıxır. Dünyanın resursları hər kəsə kifayət etdiyi halda nə üçün açlıq çəkən milyonlarla insan var? Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev deyir ki, günümüzdə dünyada 8 milyarda yaxın insan yaşayır. İldə isə 4,5 milyard ton ərzaq istehsal olunur: "Dünyanın ərzaq istehsalı bəşəriyyəti asanlıqla doyduracaq səviyyədədir, hətta 50 faiz artıq istehsal var. Yəni hər il 10 milyard insanı qida ilə təmin edəcək ərzaq istehsal olunur. Bu statistika dünyadakı müharibələrin səbəbinin aclıq olmadığını sübut edir. Heç kim həyatda qalmaq üçün hücum etmir, qətliam törətmir, ya da bir başqasının ölümü ilə öz həyatını davam etdirmir. Lakin bütün bu həqiqətlərə baxmayaraq, heç bir elmi əsası olmayan, məhdud resurslar nəzəriyyəsi uzun illər müstəmləkəçiliyin əsas ideologiyası oldu. Maltusun fikrini qəbul edənlər ölkələri işğal etməyi, hərbi təzyiqlə istismar etməyi və çox vaxt da aclığa məhkum etməyi bu şəkildə rasionallaşdırdılar. Halbuki təkcə son otuz ildə adambaşına istehsal olunan ərzaq miqdarı 20 faiz artıb. XXI əsr texnologiyası sayəsində resursların çatışmazlığı artıq aclıq səbəbi deyil. Bu gün artıq məlumdur ki, istehlakın artmasına baxmayaraq, yerin altı hələ uzun illər kifayət edəcək qədər qalıq yanacaqları ilə doludur. Bu zaman sual yaranır ki, "niyə dünya əhalisinin 12 faizi aclıq həddindən də aşağı yaşayır?". "Nə üçün bu gün dünyada 850 milyon insan aclıq çəkir?". Bu sualın cavabı sadəcə tamahkarlıqdır". İctimai Birlik sədri qeyd edir ki, bu gün dünyada ən zəngin 1 faiz insanla ən kasıb 50 faiz insan eyni sərvətə malikdir: "Yəni aclığın və yoxsulluğun birinci səbəbi sərvətlərin ədalətli və ya ən azından bir-birinə yaxın şəkildə bölüşdürülməməsidir. Ən zəngin 80 nəfərin sərvətinin milyardlarla insandan, onlarla ölkədən çox olduğu dünya ədalətsizliyin artıq ən son həddə olduğunun göstəricisidir. Dünyadakı aclığın ikinci səbəbi isə israfdır. Hazırda dünyanın kiçik bir hissəsi resursların əksəriyyətini israf edərək istehlak edir. Hər il ümumi ərzaq istehsalının üçdə biri zibilliyə atılır. 1 trilyon dollar dəyərindəki bu israfın 70 faizi inkişaf etmiş ölkələrin payına düşür. Qərb dünyasında hər insan ildə 110 kq yemək israf edərkən Afrikada bu rəqəm 9 kq-dır. İnkişaf etmiş ölkələrdə yeməklər evlərdən, restoranlardan və supermarketlərdən zibilliyə atılır, inkişaf etməkdə olan ölkələrdə isə daşıma və saxlama problemlərinə görə məhv olur. Bəşəriyyət olaraq istehsal etdiyimiz tərəvəz və meyvənin 45 faizini, balıq məhsullarının 35 faizini, çörəyin 30 faizini, ət və süd məhsullarının 20 faizini zibilə atırıq. Bu 3 km diametri və 2500 m hündürlüyü olan "israf dağı" deməkdir". Ramiq Vəliyev deyib ki, dünyadakı aclığın digər əhəmiyyətli səbəbi isə silahlanma yarışıdır: "Bu gün hərbi anbarlarda olan silahların dəyəri trilyonlarla dollardan çoxdur. Vətəndaş müharibələrinin olduğu ölkələr bir növ silah bazarına çevrilib. Texnologiyası daim inkişaf edən silahlar əsasən anbarlarda illərlə qalıb çürüyür. İnsan öldürmək üçün milyonlarla dollar vəsait sərf edilir, insanları yaşatmaq üçün demək olar ki, heç bir səy göstərilmir. Bu gün dünyanın hər yerində vicdanlı insanlar yuxarıda qeyd edilən problemləri həll etməyə çalışırlar. Ancaq bu səylər çox vaxt uzunmüddətli həll yolu gətirmir. Çünki bəşəriyyəti bu eqoizmə sürükləyən düşüncə dəyişmədikcə davamlılıqdan bəhs etmək mümkün deyil. Başqa sözlə, bataqlığı qurutmadan ağcaqanadla mübarizədə qalib gəlmək mümkün deyil. Burada bataqlıq eqoizmi, hərisliyi, şiddəti yayan materialist düşüncədir. Bəşəriyyətə bu xüsusiyyətləri çatdıran təhsil sistemləri, iqtisadi modellər, sosial və ictimai ideologiyalardır. Müharibə ideologiyaları yerini sülhə verdikdə,
eqoizm fədakarlıqla əvəz edildikdə, insanların
hər şeyə sahib olmaq əvəzinə bölüşməkdən
zövq aldığı dünyada zülm davam gətirə bilməz. Gələcək nəsillərimizə qoyub gedəcəyimiz ən yaxşı miras budur".
Məhəmməd