Türkiyədəki seçkilər Ermənistan siyasi kuluarlarında necə qiymətləndirildi?

Yaxud, Ərdoğanın qələbəsi erməni türkoloqlarının gözünü belə qorxudub

Türkiyədə keçirilmiş parlament və prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması Ermənistanda ciddi müzakirələrə səbəb olmaqdadır. Belə ki, 52,5 % səs qazanaraq qalib gələn hakim partiyanın liderindən sonra ikinci yerdə 30% səsi Cümhuriyyət Xalq Partiyasından olan namizəd Muharrem İncə, üçüncü yerdə isə 8,3 % səslə PKK terror təşkilatını dəstəklədiyinə görə həbsdə olan Xalqların Demokratik Partiyasının təmsilçisi Salahaddin Demirtaş qərarlaşıb.

Parlament seçkilərində isə nəticə olaraq, 600 mandatlı qanunvericilik qurumunda hakim partiya daha öncəki 301 mandat yerinə 293 mandata sahib olub. SİA xəbər verir ki, bu barədə yazan Ermənistanın 1in.am saytında qeyd edilir ki, Ərdoğan qalibiyyətə baxmayaraq, parlament seçkilərinin nəticələrindən razı qalmayıb. Lakin buna rəğmən, ermənilərin ictimai-siyasi dairələri bütövlükdə Türkiyədəki seçkilərin nəticələri ətrafında çoxsaylı müzakirələr aparırlar. Daha dəqiq desək, seçki nəticələrinin regional siyasət baxımından, eyni zamanda Türkiyə-Ermənistan münasibətləri baxımından hansı nəticələrə doğru inkişaf edəcəyi işğalçı ölkədə maraq doğurmaqdadır.

Hayk Qabrielyan: "25 ildir ki, Türkiyə Azərbaycana görə erməni-türk sərhədlərini bağlı saxlayır"

Erməni türkoloqu, ekspert Hayk Qabrielyana görə, Türkiyənin xarici siyasətində yaxın illərdə heç bir dəyişikliklər baş verməyəcək, çünki parlamentdəki səs çoxluğu yenə də Ərdoğanın partiyasına mənsubdur. O isə eyni zamanda prezident seçilib. Erməni türkoloqu iddia edir ki, Türkiyənin regionda yeritdiyi xarici siyasəti daha da sərtləşəcək ki, bu da həmin kontekst baxımından, Ermənistanla münasibətdə mənfi təsirlərini göstərəcək. Lakin Qabrielyan bu münasibətlərin normallaşa biləcəyi ehtimalını da istisna etməyib. Daha doğrusu, erməni eksperti ehtimal edib ki, bunun əks faktoru da ola bilər. "Nəzərə alarsaq ki, Ərdoğan ölkəni təkbaşına idarə edəcək, o eyni zamanda Ermənistanla münasibətlərin normallaşmasına da səy göstərə bilər"-deyə qeyd edən türkoloq onu da bildirib ki, Ərdoğan ölkə müxalifətinin etirazlarını nəzərə almadan da bu addıma gedə bilər. Ancaq Qabrielyanın bu kimi fikirləri sadəcə ehtimaldır və bu gün Türkiyənin Ermənistanla bağlı siyasətində atdığı qətiyyətli addımı və qərarı uzun illərdir ki, bəllidir. Hətta daha öncəki hakimiyyətlər dövründə qardaş Türkiyə işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılmayacağına qədər Ermənistanla heç bir münasibət qurmayacağını qəti şəkildə bəyan edib.

Digər tərəfdən, hələ də Türkiyə ilə münasibətlər quracaqlarına ümid edən ermənilər bu və ya digər amillər baxımından müxtəlif cəhətlərdən nəyisə sübut etməyə çalışırlar. Misal üçün, Hayk Qabrielyana görə, Ermənistanın yeni hakimiyyəti Ərdoğanda müəyyən maraqlar oyadıb: "Nikol Paşinyan erməni-türk münasibətlərinin normallaşması ilə bağlı bəyanat verərkən, Türkiyə tərəfi dərhal həmin bəyanata yüksək səviyyədə - baş nazir və prezident səviyyəsində reaksiya göstərdi. Halbuki, sabiq prezident Serj Sarkisyan BMT-nin Baş Assambleyasının tribunasından çıxış edərkən, Türkiyəyə qarşı ultimatum irəli sürmüşdü ki, əgər yaza qədər erməni-türk münasibətləri ilə bağlı protokollar ratifikasiya edilməsə Ermənistan onları ləğv edəcək. Bu bəyanatdan sonra belə, Türkiyə heç bir reaksiya verməmişdi. Paşinyanın çıxışını isə Türkiyə hakimiyyətinə jest kimi qiymətləndirmək olar".

Beləliklə, erməni eksperti hələ də ümid etdiklərini sərgiləyir. Ancaq bir reallığı anlamır ki, Türkiyə müəyyən mənada hər hansı bəyanata müsbət reaksiya göstərə bilər, ancaq ortada olan bəlli tələb reallaşmayacağına qədər heç bir normal münasibətlərdən danışmaq olmaz.

Erməni türkoloqu Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması ilə bağlı daha bir faktorda ümid etdiklərini deyib - bu, İsrail amildir. H.Qabrielyan kifayət qədər ucuz və qeyri-real görünən proqnozdan çıxış edərək bildirir ki, əgər Ərdoğan həqiqətən də səmimidirsə və ikili oyun oynamırsa, eləcə də Fələstin naminə açıq şəkildə konfrontasiyaya getmirsə. Çox sakit halda Azərbaycandan İsraillə münasibətlərə yenidən baxılmasını tələb edə bilər və s.

Təbii ki, erməni türkoloqu burada da ciddi səhvə yol verərək, unudub ki, Azərbaycan Ermənistandan və başqa post-sovet dövlətlərindən fərqli olaraq, suverenliyini qoruyub-saxlayır, tam müstəqil siyasət aparır, eləcə də hansı dövlət olmasından asılı olmayaraq, diktələri qəbul etmir.

Lakin nə qədər maraqlı görünsə də, Qabrielyanın özü də yuxarıda qeyd edilən fakta tounur. "Xatırlatmaq istərdim ki, 25 ildir ki, Türkiyə Azərbaycana görə erməni-türk sərhədlərini bağlı saxlayır"-deyə qeyd edən erməni eksperti bu məsələdə təxribat meyilli fikirlərini öncə sürərək iddia edir ki, buna rəğmən, Azərbaycan Türkiyənin İsraillə soyuq münasibətlərinə baxmayaraq, bu ölkə ilə münasibətlərini inkişaf etdirir. Söz yox ki, erməni türkoloqu burada suyu bulandırmaq məqsədini güdür.

Ruben Safrastyan: "Türkiyə çox ciddi şəkildə Yaxın Şərqdə, xüsusilə Suriyada, İraqda və Cənubi Qafqazdakı siyasətini davam etdirməyə maraqlıdır və Ermənistan-Türkiyə münasibətlərininhəl edilməsi istiqamətində heç bir aktivlik göstərməyəcək"

Digər erməni türkoloqu, Ermənistanın milli akademiyasının şərqşünaslıq institunun direktoru Ruben Safrastyan isə sözügedən məsələyə münasibətini bildirərkən deyib ki, Türkiyə bu seçkilərdən sonra Suriyanın Şimal sərhədlərində öz siyasətini davam etdirəcək. O, bu məsələdə iddia edir ki, Türkiyə ordusunun Suriya ərazilərinə daxil olması "işğal" məqsədi daşıyır: "Ərdoğan öz çıxışında dəqiq şəkildə formalizə edir ki, Suriya sərhədlərini azad etməyə davam edəcək və bunu qaçqınların geri qayıtması ilə əlaqələndirir. Bu, o deməkdir ki, Türkiyə öz siyasətini davam etdirməklə, bu ölkənin hakimiyyətinin razılığı olmadan ölkənin ərazilərini zəbt edir". Bu kimi proqnozlarla çıxış edən erməni türkoloqu həmin siyasətin davam ediləcəyini və genişləndiriləcəyini iddia edir.

R.Safrastanın sözlərinə görə, Ərdoğan yeni Türkiyənin yaradılmasına çalışır. "2023-cü ilə qədər Ərdoğan yeni Türkiyəni yaradacaq"-deyə qeyd edən erməni türkoloqu xarici siyasət faktoruna da toxunaraq bildirir ki, yeni siyasət Türkiyənin dünyadakı rolunu artırmağa yönəlməlidir. "O, öz çıxışında da bildirib ki, məqsəd Türkiyənin dünyanın 10 ən inkişaf etmiş ölkələri sırasına daxil etməkdir"-deyə bildirən Safrastyana görə, bu çox uzun bir proqramdır. Erməni eksperti nə qədər qəribə görünməsə də, məhz erməni maraqlarından çıxış edərək, Türkiyənin inkişafını və ortaya qoyulan məqsədlərin reallaşmasını region üçün "təhlükə" hesab etdiyini deyib. Bu baxımdan, o bir daha erməniçilik və anti-tükçülük marağını gizlətməyərək, Ərdoğanın apardığı uğurlu və məqsədyönlü siyasətinə kölgə salmağa çalışır və bildirir ki, "yaxın illərdə Türkiyədə kifayət qədər təhlükəli və avantüraçı xarici siyasətin aparılması gözlənilir".

Söz yox ki, Safrastan bu mənada Ermənistanın zəif və məhv olmaq reallığını nəzərdə tutur, o cümlədən, güclü Türkiyənin regiona güclü təsirini dolayısı ilə etiraf etmək məcburiyyətində qalır.

Erməni türkoloqu parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasına Milli Hərəkat Partiyasının bir qisminin dəstək verməsinə də münasibətini bildirərək deyib ki, artıq bu reallıq belə nəticəyə gəlməyə zəmin yaradır ki, Türkiyədə pantürkizm siyasəti davam etməklə yanaşı, həm də inkişaf edəcək: "Onların bir qismi Ərdoğanla birləşərək, parlamentə qatıldılar və bu, o deməkdir ki, pantürkizm ideyaları inkişaf etməklə yanaşı, Türkiyənin yeni mərhələdəki xarici siyasətinə də sirayət edəcək. Hesab edirəm ki, bu tendensiya nəzərə alınmalıdır"-deyə Safrastyan daxilindəki təlaşını gizlədə bilməyib. Bu da belə nəticəyə gəlməyə zəmin yaradır ki, Ermənistanın ictimai-siyasi və s. dairələri Türkiyə və türkçülük faktorundan ciddi şəkildə çəkinirlər və özlərinə vurulacaq ən ağır zərbə kimi qiymətləndirirlər.

Onun fikrincə, Türkiyə Cənubi Qafqaza yönəlik siyasətində öz baxışlarını dəyişməyəcək və Ermənistanın ümid etdiyi heç bir "pozitiv" addımlar atmayacaq. "Türkiyə çox ciddi şəkildə Yaxın Şərqdə, xüsusilə Suriyada, İraqda və Cənubi Qafqazdakı siyasətini davam etdirməyə maraqlıdır və Ermənistan-Türkiyə münasibətlərininhəl edilməsi istiqamətində heç bir aktivlik göstərməyəcək"-deyə R.Safrastayn bildirib.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi paraddakı birgə çıxışları Ermənistanı pəjmürdə edib və qorxuya salıb

Beləliklə, fakt budur ki, Ermənistan Türkiyədəki seçkilərin nəticələrindən, daha dəqiq desək, Ərdoğanın qələbəsindən ciddi şəkildə təlaş keçirir və sadəcə, münasibətlərin normallaşmasında deyil, eləcə də xarici siyasətində heç bir dəyişiklik edilməyəcəyindən təlaş keçirirlər. Bu təlaşın arxasında dayanan daha bir faktor isə təbii ki, Türkiyənin Azərbaycanla olan qardaşlıq münasibətləridir. Xüsusilə, Bakıda Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümünə həsr edilmiş növbəti hərbi paradda Türkiyə Silahlı Qüvvələrinin, eləcə də hərbi Hava Qüvvələrinin Azərbaycan Ordusu və Hərbi Hava Qüvvələri ilə birgə iştirakı Ermənistanda ciddi qorxu yaradıb. Əbəs deyil ki, paradın keçirildiyi zaman Nikol Paşinyan dərhal Ermənistanın təhlükəsizlik şurasının iclasını çağırıb və eyni zamanda cəbhə xətti boyunca, xüsusilə Naxçıvanla sərhəddə Ordumuzun uğrularını və fəallığını etiraf edib. Belə olan vəziyyətdə, erməni plitoloqlarının, türkoloqlarının və hərbi ekspertlərinin müxtəlif fərziyyələrlə çıxış etmələri, nəyə isə ümid etmələri sadəcə, özünü aldatmaq, yaxud, özünütəsinlik kimi qiymətləndirilə bilər.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31