Makedoniya prezidenti Yunanıstanla sazişdən imtina etdi
27 İyun 2018 12:02 DünyaMakedoniya prezidenti George İvanov ölkə parlamentinə ünvanladığı bəyanatda ölkəsinin adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla bağlanan sazişi imzalamaqdan imtina etdiyini bildirib.
Bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda dövlət başçısı qeyd edib ki, 2014-cu il prezident seçkiləri kampaniyası zamanı dediyi kimi, ölkənin adının dəyişdirilməsini düzgün hesab etmir və bu, Makedoniyanın Yunanıstandan asılı vəziyyətə sala bilər.
Qeyd edək ki, Yunanıstanın və Makedoniyanın xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov iyunun 17-də ölkənin yeni konstitusional adının Şimali Makedoniya Respublikası adlandırılması barədə saziş imzalayıblar.
Bu hadisəni beynəlxalq təşkilatlar "tarixi saziş" adlandırıblar və ölkənin Avropa İttifaqı və NATO-ya daxil olması üçün yol açacağını qeyd ediblər.
Makedoniya parlamentinin sədri Talat Djaferi deputatlar tərəfindən ratifikasiya olunan sənədi prezident tərəfindən imzalanması üçün göndərsə də, ölkə başçısı sazişi imzalamaqdan imtina edib.