Ərdoğanın qələbəsi İsrail parlamentində ixtilaf saldı

Hazırkı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın 24 iyun seçkilərində zəfər qazanması İsrail parlamentində (Knesset) birmənalı qarşılanmayıb.

Plenar iclasda ərəb fraksiyasından olan deputat Talib Əbu Ərar söz alaraq, Ərdoğanı qələbə münasibəti ilə təbrik edib.

"Türkiyə xalqını və prezidenti Rəcəb Tayyip Ərdoğanı 24 iyundakı inamlı qələbə münasibəti ilə təbrik edirəm. Düşmənlərinin olmasına rəğmən onu təbrik edirəm.", - deyə deputat bildirib.

Əbu Ərarın sözləri bir sıra parlamentarilərin narazılığına yol açıb. Buna baxmayaraq deputat öz çıxışını "Həmd olsun Allaha, Türkiyə müstəqil və suveren dövlətdir. Səmimi təbriklərimi çatdırıram" sözləri ilə davam etdirib.

Onun mövqeyini Knessetin başqa bir müsəlman deputatı da dəstəkləyib. Hər iki çıxış Knessetdəki yəhudi çoxluğunun tənqid atəşi ilə qarşılanıb.

Qeyd edək ki, Knessetdə "Vahid ərəb siyahısı" fraksiyası yalnız 13 deputatla təmsil olunur.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31