II Qareginin istefası erməni ictimaiyyətinin qəti tələbidir ANALİTİK

Bütün ermənilərin katolikosunu həbs də gözləyir

Artıq bir neçə müddətdir ki, İrəvanda keçirilən aksiyalarda etirazçılar II Qareginin vəzifəsindən imtina etməsini tələb edirdilər. O cümlədən, etirazçılar içərisində din xadimlərinin də olması diqqətdən yayınmır. Bunun isə səbəbi var, çünki Qareginin əli kifayət qədər insanların qanına batıb. Daha dəqiq desək, bütün ermənilərin katolikosu 2008-ci il martın birində dinc etiraz aksiyasının gülləbaran edilməsində birbaşa məsuliyyət daşıyır. Necə deyərlər o, Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyr-duasını verib. Ona görə də bu hadisələri unutmayan erməni xalqı onu da yaxşı bilir ki, II Qaregin erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdehlik daşımır. Yeri gəlmişkən, bütün ermənilərin katolikosu Azərbaycana qarşı işğalçılıq ideologiyasının, qondarma erməni soyqırımı iddialarının əsas ideoloqlarından biri olaraq, hər zaman qan-qada tərəfdarı olduğunu sərgiləyib.

Ermənilər hələ də bağlı qalmış bu işin açılacağını səbirsizliklə gözləyirlər

Daha bir ilginc məsələ isə Nikol Paşinyanın Serj Sarkisyanı devirməsinin ardınca 2008-ci il hadisələrinin araşdırılması, günahkarların cəzalandırılması ilə bağlı komissiya yaratmasıdır. Hazırda qanlı hadisələr zamanı n qədər şəxsin öldürüldüyü, onlara atəş açmaq əmrinin kim tərəfindən verildiyi və s. məsələlər araşdırılır. Məhz həmin adların içində II Qareginin də ismi keçir.

Ekspertlər də deyirlər ki, konstitusion hüququndan istifadə edib, öz haqqını müdafiə edən dinc şəxslərə qarşı cinayətkar addım atan şəxslərin cəzalandırılması məqsədəuyğundur. Çünki ermənilər hələ də bağlı qalmış bu işin açılacağını səbirsizliklə gözləyirlər.

Politoloq: "II Qaragin istefa versə, bu, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə sıx bağlıdır"

Bu arada azərbaycanlı politoloq Fikrət Sadıxovun II Qareginin katolikos vəzifəsindən azad edilməsi və məsuliyyətə cəlb olunması ilə bağlı açıqlaması maraqlı nüanslara söykənir. Məsələn, onun sözlərinə görə, belə aksiyalarda din xadimlərinin istefasının tələb edilməsi istisna deyil: "Hamıya bəllidir ki, II Qaregin keçmiş siyasi hakimiyyətlə sıx bağlı idi. II Qaregin onlardan fərqli heç bir addım atmırdı. II Qareginin istefa verəcəyini istisna etmirəm. O da istefaya göndəriləcək. Ancaq ona da əmin deyiləm ki, onun yerinə gələn yeni din xadimləri II Qaregindən fərqli fəaliyyət göstərəcəklər. Əgər bu dəyişiklik baş tutsa, yəni II Qaragin istefa versə, bu, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə sıx bağlıdır".

Beləliklə, maraqlı məqamlardan biri də budur ki, erməni din adamları kimliklərindən asılı olmayaraq, hər zaman anti-Azərbaycan və anti-Türkiyə maraqlarını ortaya qoyaraq, düşmənçilik mövqelərini sərgiləyiblər.

Nikol Paşinyan bu addımı reallaşdırmasa get-gedə itən nüfuzu daha da itirilmiş olacaq

Elə də uzağa getməyərək, biz II Qaregindən qabaqkı katolikos Vazgenin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə xeyri-dua verməsi unudulmayıb. Hətta Qarabağa gedib erməni terrorçularına xeyir-dua verən Vazgen bununla bağlı digər dinlərin nümayəndələri tərəfindən ciddi qınaq atəşinə tutulmuşdu. Məhz bu baxımdan, belə qənaətə gəlmək olar ki, hətta II Qaregin istefa verib, məsuliyyətə cəlb olunarsa belə, onun yerinə eyni xislətli növbəti katolikos seçilə bilər. Hər halda, Qareginin həbs məsələsi bu gün də erməni ictimaiyyətinin əsas tələblərindən biridir və Nikol Paşinyan bu addımı reallaşdırmasa get-gedə itən nüfuzu daha da itirilmiş olacaq. Ermənilər isə artıq bu addımın qısa zamanda atılmasını küçələrə çıxmaqla tələb etməkdə israrlıdırlar.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31