Şimali Koreya köhnə dünyadan yeni dünyaya keçid mərhələsində
Sinqapurda keçirilən tarixi görüş bunu təsdiqləyir
12 İyun 2018 13:03 DünyaSinqapurda keçirilən tarixi görüş bunu təsdiqləyir
Uzun müddətdir ki, beynəlxalq aləmin gündəminə çevrilən, geniş müzakirə edilən, hətta baş tutması bir çox hallarda mümkünsüz hesab edilən Birləşmiş Ştatlar və Şimali Koreya liderlərinin görüşü nəhayət baş tutdu. Sözün həqiqi mənasında tarixi görüş sayılan Donald Tramp Kim Çen İn görüşü üçüncü bir ölkədə, Sinqapurda reallaşdı. İki ölkə liderinin görüşündən sonra prezidentlərin danışıqların yekununa dair sənəd imzalaması Sinqapur görüşünün məhsuldar keçdiyinə dair fikir yürütməyə əsas verir. Qeyd edək ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp və Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalayıblar. Ağ Ev rəhbəri Donald Tramp görüşə görə Kim Çen İnə təşəkkür edib və görüşün əhatəli olduğunu qeyd edib. "Çox vacib, əhatəli sənəd imzalayırıq. Biz daha artığını etmək istəyirik. Bu tarixi sənədin imzalanması yeni başlanğıc haqqında xəbər verir. Böyük dəyişikliklər görəcəyik". Kütləvi informasiya vasitələrinin nümayəndələrinin Kim Çen İni Ağ evə dəvət etməklə bağlı sualına Birləşmiş Ştatlar prezidenti "Əlbəttə, dəvət edəcəyəm" deyə cavab verib.
Bəs görəsən Donald Tramp və Kim Çen İnin görüşündən ekspertlər nə gözləyir? Bu kimi görüşlər iki ölkə arasındakı buzları tamamilə əridəcəkmi? Politoloq, Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin Sinqapurda tarixi görüşü Uzaq Şərqdə sülhə və təhlükəsizliyə xidmət edir. Politoloqun sözlərinə görə, Birləşmiş Ştatların bir müddət Şimali Koreya ilə apardığı "arxa qapı" diplomatik danışıqları nəhayət ki, Pxenyanı rəsmi masaya gətirə bildi: "Bu danışıqların uğurlu alınmasında, məhz dövlət katibi Mayk Pompeonun xüsusi xidməti danılmazdı. O, dövlət katibi olmamışdan əvvəl, CİA şefi kimi bir neçə dəfə Pxenyana səfər edərək, bu ölkə rəsmləri ilə ciddi və real nəticələrə aparan danışıqlara imza atıb. Qeyd edək ki, Vaşinqton Şimali Koreya probleminə son verməklə, Çin ətrafında siyasi-iqtisadi və hərbi həlqə formalaşdırır. Danışıqlar fonunda Ağ Ev, Pxenyana hərtərəfli dəstək verəcəyini, iqtisadi inkişaf üçün bütün zəruri addımları atacağını qeyd edib". Politoloqun sözlərinə görə, Şimali Koreya rəhbərliyi Birləşmiş Ştatlarla anlaşarsa, bu ölkə köhnə dünyadan, yeni dünyaya qədəm qoyacaq: "60 ilə yaxın beynəlxalq birlikdən kənar qalan, Çinin və Rusiyanın "arxa bağçası" olan Şimali Koreya nəhayət ki, nüvə silahı siyasətindən əl çəkib, mədəni dünyaya açılarsa, region üçün, həmçinin Koreya xalqının həyatında mühüm tarixi hadisə olacaq. Amerika hakmiyyətinin Şimali Koreya ilə sıx danışıqlar aparmaqda məqsədi Çinə qarşı yeni ittifaq yaratmaqdı. Çünki, Çin Sarı dənizdə və iqtisadi müstəvidə Birləşmiş Ştatlara qarşı dirəniş göstərir və uzaq olmayan perspektivdə qarşıdurmaya gedəcəyi istisna deyil. Ona görə də Vaşinqtonun Rusiya və Çinin əsas müttəfiqi olan istənilən an ABŞ və onun müttəfiqlərinə qarşı nüvə silahı işlədə bilən Pxenyanı neytrallaşdırmaq əsas planıdır. Bu istiqamətdə aparılan danışıqların müsbətə doğru irəlləyəcəyi gözlənilir. Əgər, Kim Çen Pxenyandan Sinqapura gəlirsə, deməli razılaşmış məqamları rəsmiləşdirməyə gəlib. O, yekun sənədə imza atmaqla, Koreya yarmadasında 60 illik münaqişənin həllini sürətləndirəcək və böhrana son qoyacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda görüşü və imzaladıqları anlaşma 1980-ci illərin ortalarında Amerikanın keçmiş prezidenti Ronald Reyqanla SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun görüş və imzaladıqları anlaşmanı xatırladır: "Birləşmiş Ştatlar və SSRİ yola getmirdilər, dünyanı iki yerə - "mənimkilər" və "sizinkilər"ə bölmüşdülər. O zaman da Vaşinqton Moskvanın saqqızını oğurladı, başını tumarladı və böyük imperiyanı tarixin arxivinə göndərdi. Əlbəttə, Şimali Koreya lideri Vaşinqtona hələ təslim olmayıb, ancaq ilk təmas avtoritar üsullarla idarə edilən rejim üçün sonun başlanğıcı ola bilər. Amerikada bu məqsədlə yüzlərlə beyin mərkəzi işləyir. Elə Sinqapurdakı görüşün baş tutmasında və Kim Çen Inın hansı üsullarla yola gətirilməsində həmin beyin mərkəzlərinin payı az deyil. Onlar indi növbəti hədəflər üzərində işləyirlər".
Süleyman