Tramp G7 bəyanatını niyə imzalamadı? – Bəsit bəhanə

"AB müstəqil siyasət yürütməyə başlasa, bu, ABŞ-ın hədəflərinə zidd ola bilər və Avropada ABŞ-ın nüfuzunu, mövqeyini itirməsinə gətirib çıxarar". Bu sözləri beynəlxalq ekspert Elşən Mustafayev deyib.

"AB müstəqil siyasət yürütməyə başlasa, bu, ABŞ-ın hədəflərinə zidd ola bilər və Avropada ABŞ-ın nüfuzunu, mövqeyini itirməsinə gətirib çıxarar".

Bu sözləri beynəlxalq ekspert Elşən Mustafayev deyib.

O bildirib ki, Kanadada baş tutan G7 sammitindən əvvəl orada qəbul ediləcək qərarların və razılaşmaların bundan əvvəlki toplantılardan fərqlənməyəcəyi söylənilirdi:

"Yəni hazırda əsas müzakirə mövzusu olan Rusiyaya sanksiyaların davam etdirilməsi və hətta daha da gücləndirilməsi istiqamətində razılığa gəlinməsi şübhə doğurmurdu. Eyni zamanda, ABŞ-ın AB-yə, Kanadaya, Meksikaya polad və alüminium idxalı ilə bağlı qoyduğu yeni vergilərlə bağlı ikitərəfli müzakirələrin olacağı da proqnozlaşdırılırdı. G7 sammitinin gedişatında hər şey öncədən proqnozlaşdırılan kimi də oldu. G7 üzvlərinin sammitin razılaşdırılmış yekun sənədinin qəbulunda da bir problem yaranmayıb və bütün üzvlər, o cümlədən ABŞ Prezidenti Donald Tramp da bəyannaməyə imza atılmasına razılıq verib. Sonradan Tramp Şimali Koreya lideri ilə Sinqapurdakı görüşə gedərkən təyyarədə imzalanmadan imtina etdiyi ilə bağlı Tvitterdə məlumat yayıb. Bunu onunla əsaslandırıb ki, Kanada baş naziri ilə qısa, ancaq çox sakit tərzdə müzakirələr olub. Amma o, sonradan keçirilən mətbuat konfransında daha sərt bəyanatlar səsləndirməklə, ABŞ-dan olan fermerlərə və şirkətlərə tariflər tətbiq edəcəyini bildirib. Trampın G7-nin birgə bəyanatına imza atmaqdan imtina etməsinə səbəb kimi göstərdiyi bəhanə əslində normal hal deyil".

Ekspert vurğulayıb ki, dünya düzəninə özünü məsul sayan superdövlət başçısının bu şəkildə addım atması, yumşaq desək, qeyri-ciddi hərəkətdir:

"Merkelin Trampın bu qərarına dərhal verdiyi reaksiyanı da təbii qəbul etmək lazımdır. ABŞ-ın Rusiya, Yaxın Şərq və digər siyasətlərinə AB hər zaman dəstək verib. Bu halda ABŞ tərəfindən Avropa ölkələrinin özlərinə qarşı belə münasibəti görməsi sözsüz ki, kəskin reaksiyaya gətirib çıxaracaq. Bu bəyanatdan sonra G7-nin digər üzvləri imzaladıqları razılaşmaya sadiq qalacaqlarını və onu həyata keçirəcəklərini bəyan ediblər".

Ekspert qeyd edib ki, maraqlı olan razılaşmadakı əsas hədəflərin çoxunun məhz ABŞ-ın təklif etməsidir:

"Ona görə də hesab edirəm ki, bu məsələdə Trampın geri çəkiləcəyi qaçılmazdır. Çünki ona AB ilə münasibətləri saxlamaq daha vacibdir. Trampın bu addımına ABŞ siyasi elitasının verəcəyi reaksiyalar da çox şeyi həll edəcək".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün Kanadada keçirilən G7-nin birgə bəyanatına imza atmaqdan imtina edib. Buna dərhal reaksiya verən Almaniya kansleri Angela Merkel Trampın bu addımından təəssüfləndiyini bildirib.

Merkel bundan sonra Avropanın ABŞ-a etibar edə bilməyəcəyini də vurğulayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31