Xameneyi xarici ölkələrə niyə səfər etmir?
11 İyun 2018 09:41 DünyaDini ekspert: "Ona qarşı sui-qəsd planları ifşa edildiyi üçün xarici səfərləri risklidir..."
İranın ali dini lideri Ayətullah Əli Xameneyinin xarici ölkələrə səfər etmədiyi məlumdur. İranda dini lider istər şəxsi nüfuzu, istərsə də digər keyfiyyətləri ilə prezidentdən geri qalmır. Hətta onun sözünün çəkisi bəzən ölkə rəhbərindən belə ağır olur.
Təkcə son bir faktı göstərək. İyunun 4-də Ayətullah Ruhullah Musəvi Xomeyninin vəfatının ildönümü ilə bağlı mərasimdə çıxışında A.Xameneyinin hökuməti nüvə fəaliyyətini yenidən bərpa etməyə çağırması, Nüvə Enerjisi Qurumuna mövcud nüvə anlaşması çərçivəsində 190 min sentrafuqa çatmaq üçün dərhal hazırlıqlara başlamağı tapşırması ölkəsini Amerika ilə az qala, açıq müharibəyə sürükləyib. Bu da onu göstərir ki, dini liderin hər bir mövqeyi dövlətin mövqeyidir. Amma bununla belə, o, bir müsəlman ölkəsinə belə, o cümlədən qonşu Türkiyə və Azərbaycana səfər etmir. Bu da zaman-zaman müzakirələrə səbəb olur.
Bunu da əminliklə onu da qeyd etmək olar ki, İranın dini lideri ölkə rəhbərini müəyyən edəcək əsas şəxslərdən biridir. İstənilən seçkidə onun mövqeyi nəticələri birbaşa təsir edir. Hətta dini liderin İranda prezidenti vəzifədən uzaqlaşdırmaq kimi səlahiyyəti var.
Dini ekspert Kənan Rövşənoğlu İranın ali dini lideri vəzifəsinin siyasi post olmadığını dedi: "O dövlət üzərində dini hakimiyyətin böyük lideri, ölkə qanunlarının İslama uyğun olmasını təyin edən və daha sonra bunun icrasına bir növ nəzarət edən qurumların başında dayanan şəxsdir. Ancaq dövlətin başçısı prezidentdir, siyasi anlaşmaları, danışıqları prezident aparır. Rəhbər isə ümumi xətti müəyyən edir. Əgər prezident ümumi xətdən kənara çıxarsa, dini lider onu vəzifədən uzaqlaşdıra və ya doğru istiqamətə yönəlməsi üçün xəbərdarlıq edə bilər. Bu baxımdan ali dini liderin hansısa ölkəyə səfər edib danışıqlar aparmasına gərək qalmır. Amma İran Konstitusiyasında rəhbərin xaricə səfər etməsi qadağan deyil. Sadəcə, buna gərək yoxdur, məsələn, Britaniya kraliçası da siyasi görüşlər üçün səfər etmir. Çünki bunun üçün hökumət var. İkinci tərəfdən İranın birinci ali dini lideri Ayətullah Xomeyni inqilabdan bir neçə ay sonra praktik olaraq siyasi fəaliyyətdən kənara çəkilib və yalnız əlahiddə mövzularda müdaxilə etmək ənənəsini qoyub. Hətta bir müddət Qum şəhərindəki evində yaşayıb. Sadəcə, zəruri görüşləri keçirir. Və nəhayət, İranın hazırkı dini lideri 1981-ci ildə sui-qəsdə məruz qaldıqdan sonra bir əli işləmir. Bir neçə dəfə ona qarşı sui-qəsd planları ifşa edildiyi üçün həm də xarici səfərləri risklidir. Ona görə də ehtimal ki, xarici ölkələrə səfərləri həm də buna görə olmur".