Avropa İttifaqı BMT TŞ-nın daimi üzvü olacaq?

Almaniya kansleri Angela Merkel Fransa və Böyük Britaniyanın ayrılıqda daimi üzv statusu yerinə, bütövlükdə Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsini təklif edib.

Almaniya kansleri Angela Merkel Fransa və Böyük Britaniyanın ayrılıqda daimi üzv statusu yerinə, bütövlükdə Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsini təklif edib.

Azvision.az xəbər verir ki, bu barədə Merkel Avropa Xalq Partiyasının Münhendəki iclasında proqram çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamını pozması fonunda Avropa İttifaqı daha çox birlik nümayiş etdirməli və öz inkişafında fasilə etməməlidir. Merkel bildirib ki, NATO-da ABŞ-la fikir ayrılığı, Trampın iqlim dəyişikliyi üzrə Paris müqaviləsi və İranla nüvə sazişindən çıxması, həmçinin trans-Atlantik ticarət əməkdaşlığı ətrafında yaranan konflikt - bütün bunlar dünya nizamının yenidən təşkilinə işarə edir. Belə vəziyyətdə Avropa İttifaqı özünə yeni və daha həlledici rol axtarıb tapmalıdır.

"Əgər Avropa qlobal oyunçu olmaq istəyirsə, onda elə qlobal oyunçu kimi davranmalıdır", - deyə Merkel vurğulayıb. Lakin bunun üçün böyük əmək, cəsarət və qətiyyət, o cümlədən maliyyə tələb edildiyini də bildirib.

Almaniya kanslerinə görə, Avropanın qlobal oyunçuya çevrilməsini təmin edəcək vasitələrdən biri də, Fransa və Böyük Britaniyanın ayrılıqda daimi üzv statusu əvəzinə, bütövlükdə Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31