Qəndil əməliyyatı hazırlanır

PKK-nın 3 ölkəni terrorçu ilə "təmin edən" məşhur və məchul düşərgəsi haqda nələr bilinir

Türkiyə Qəndil dağında hərbi əməliyyata başlaya bilər. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Zonquldağ vilayətində seçki mitinqində çıxışında deyib. Prezident bildirib ki, "Afrində qələbəni yaxaladıq, növbə Qəndilə gələcək".

Bir neçə gün əvvəl isə baş nazirin müavini Bəkir Bozdağ bildirib ki, Türkiyə ordusu hər an Qəndilə girə bilər. Bozdağ onu da deyib ki, Qəndil ətrafında Türkiyə ordusunun mövqeləri var. Baş nazirin müavini Türkiyənin artıq ölkə sərhədlərindən kənarda da əməliyyat apardığını, Qəndil əməliyyatının da bu sıradan olacağını deyib.

Qeyd edək ki, Türkiyə ordusu bu il martın 10-dan Qəndil də daxil olmaqla, İraqın şimalındakı PKK silahlılarına qarşı əməliyyatlara başlayıb. Ötən müddətdə bölgədə PKK-ya aid 18 hədəfin və 67 terrorçunun məhv edildiyi bildirilir.

Vaşinqton də Türkiyənin Qəndil əməliyyatına dəstək verir. İŞİD əleyhinə beynəlxalq koalisiyanın sözçüsü polkovnik Şon Rayan Türkiyə ordusunun PKK-ya qarşı əməliyyatları İraq mərkəzi hökuməti ilə koordinasiya şəraitində apardığını bildirib.

Qeyd edək ki, PKK hələ bu ilin martında İraqın şimalında, Mosula yaxın Şenqal rayonundan çəkilmişdi. Həm Türkiyə hökumətinin təzyiqləri, həm də Bağdadın tələblərindən sonra PKK Şenqaldan qüvvələrini çıxarıb. Ancaq PKK Qəndildə dirənmək istəyir. PKK-nın sözçüsü BBVC-yə bildirib ki, Qəndili boşaltmaq fikrində deyillər, əksinə, aktiv müdafiə mövqeyinə çəkiliblər, hücum olunarsa müdafiə olunacaqlar. Hazırda Türkiyə ordusunun xüsusi təyinatlıları İraqın şimalında Bradost rayonunda PKK-ya qarşı əməliyyatları davam etdirir. Bradost İraqda starteji əhəmiyyəti olan bölgələrdən biridir. Ancaq təbii ki, Qəndil qədər deyil.

PKK-nın dağı

Qəndil dağı nədən bu qədər önəmlidir? Bu dağın adı az qala PKK-nın sinoniminə çevrilib. Türkiyə ordusu illərdir ki, bu dağı aviasiya, artilleriya atəşinə tutur. Ancaq PKK hələ də bu dağı əlində saxlayır. Belə görünür ki, Türkiyə hökuməti indi Qəndilə yekun bir əməliyyat hazırlayır. Dağı tamamən PKK-dan almaq və təmizləmək. Amma bu mümkün olacaqmı?

Qəndil dağları İraq və İran arasında yerləşir. Ümumi ərazisi 3 min kv.km-dan çox olan bölgənin bir hissəsi isə Türkiyə ilə sərhəd hesab olunur. Ancaq sözü edilən Qəndil dağı və PKK-nın yerləşdiyi eyni adlı düşərgələr İran-İraq sərhədində yerləşir. PKK buradan həm İraq, həm İran, həm də Türkiyə ərazisinə terrorçu göndərir. PKK-nın bir nömrəli hərbi bazası olan Qəndil dağı Türkiyədən 90 kilometr məsafədə yerləşir. Qəndil dağının yüksəkliyi 2600 metrdir, ancaq PKK-nın düşərgələrinin yerləşdiyi vadi dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən geniş ərazidir. Lakin bura tamamilə mağaralardan və gizli sığınacaqlardan ibarətdir.

PKK-nın Qəndil düşərgəsinin 1997-ci ildə yaradıldığı güman edilir. Qəndildə hazırda 50-dək PKK düşərgəsi var, ümumilikdə isə 10 kilometrlik radiusda 2 minə yaxın sığınacaq mövcuddur. Başdan-ayağa minalanmış bölgəyə naşı adamın daxil olması intihar sayılır. Bölgə kənarlardan raket-zenit qurğuları, raketlər və ağır pulemyotlu maşınlarla mühafizə olunur. Bölgə təbii sədlərdən ibarətdir. Kənardan hücum edən qüvvəyə qarşı müdafiə olunmaq çox rahatdır. Bundan başqa, dağda müxtəlif həcmlərdə 100-dən çox mağara var. Bunların ən böyüyündə eyni vaxtda 500 nəfər yerləşə bilir.

Qəndildə ümumi olaraq 50 düşərgə var ki, bunlardan 15-i təlim düşərgəsidir. Bundan başqa, PKK-nın mərkəzi qərargahı, arxivi və digər əsas mərkəzləri burada yerləşir. Qəndil ətrafında təxminən 60-a qədər əsasən kürd kəndləri mövcuddur ki, bu kəndlər PKK-nın təbii müttəfiqləridir. Hətta Qəndildə fəaliyyət göstərən PKK-ya məxsus iki kiçik çaplı elektrik stansiyası istehsal etdiyi elektrikin bir qismini bu kəndlərə verir.

Türkiyə ordusu belə bir düşərgəyə hücuma hazırlaşır. Məsələ ondadır ki, Qəndil əməliyyatı sırf quru əməliyyatı olacaq. Çünki qeyd etdiyimiz şərtlərdə aviasiya işə yaramır. Faktiki olaraq artıq neçə ildir ki, Türkiyə ordusu Qəndili havadan bombalayır. Ancaq bilindiyi kimi, ciddi bir nəticə yoxdur. Qəndili tamamilə təmizləmək üçün bu ərazini quru qüvvələri ilə nəzarətə götürmək lazımdır. Bu isə çox çətin olacaq. Çünki Türkiyə ordusu faktiki olaraq ölkə sərhədlərindən uzaqda, dağlıq və keçilməz ərazilərdə ərazini yaxşı tanıyan, yaxşı silahlanmış terrorçularla savaşmalı olacaq.

Qəndil - seçki əməliyyatıdır?

Türkiyə hökumətinin Qəndil əməliyyatının anonsunu verməsi siyasi dairələrdə birmənalı qarşılanmayıb. Müxalifət hökumətin seçkilər öncəsi Qəndil əməliyyatına gündəmə gətirməsini seçki gedişi və xalqdan dəstək qazanmaq taktikası adlandırıb. Ana müxalifət partiyası CHP-nin parlament fraksiya rəhbəri Özgür Özəl hökumətin açıqlamalarını qınayaraq "16 ildə Qəndilə getməyənlər 16 gündə gedəcək?" deyə rişxəndlə yanaşıb. Ö.Özəl bu əməliyyatın, sadəcə, seçkidə xal qazanmağa xidmət etdiyini bildirib.

Kürdlərin siyasi partiyası hesab olunan HDP də Qəndil əməliyyatını seçkilərə hesablanmış kampaniya adlandırıb və hökuməti şəhid cənazələrindən "mədəd ummaqda" ittiham edib.

Müxalif İYİ Partiya da seçki kampaniyası gedişində Qəndilə əməliyyat hazırlanmasını "seçki əməliyyatı" adlandırıb. Partiyanın baş katibi Aytun Çıray partiyasının terrora qarşı mübarizəni dəstəkləyir, ancaq belə bir əməliyyatın indi keçirilməsinin seçkilərə hesablandığını bildirib.

Hələlik isə görünən odur ki, Ankara Qəndillə bağlı məsləhətləşmələr aparır. Əməliyyatın riskləri, region ölkələrinin, xüsusən də İran və İraqın dəstəyini almaqla bağlı danışıqlar aparılır. Doğrudur, bəzi ehtimallara görə, PKK qüvvələrinin böyük qismini artıq Qəndildən Suriyaya çəkib. Yəni Qəndil artıq kürdlər üçün mühüm əhəmiyyət kəsb etmir.

Ancaq istənilən halda Qəndilin PKK-dan azad edilməsi Türkiyə üçün, ümumiyyətlə, bölgədə terror və separatizmdən əziyyət çəkən xalqlar üçün ciddi uğur sayılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31