Qarabağda etirazlar, Paşinyanın seçim imkanı və problemin həllinə gedən yol
Nikol çıxılmaz vəziyyətdə
5 İyun 2018 12:20 DünyaNikol çıxılmaz vəziyyətdə
Ermənistanda baş verən inqilab və hakimiyyət çevrilişindən sonra bu ölkədə siyasi sabitliyi bərpa etmək mümkünsüz hala gəlib. Serj Sərkisyanı devirərək hakimiyyəti zorla zəbt edən Nikol Paşinyan etiraz aksiyaları zamanı xalqa verdiyi vədlərin heç birini həyata keçirmək iqtidarında olmadığından indi də ermənilər Nikola qarşı çıxırlar. Artıq bir neçə gündür ki, İrəvanın küçələrində, hətta əyalətlərdə belə Paşinyanın idarəçiliyi əleyhinə etiraz aksiyaları keçirilir. Vəziyyət o həddə çatıb ki, artıq ermənilərin işğal altında saxladıqları Dağlıq Qarabağda da hakimiyyət əleyhinə etiraz aksiyalarına start verilib. Qarabağ erməniləri bir neçə gündür ki, Xankəndində Paşinyana qarşı etiraz aksiyaları keçirirlər. Erməni kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, Qarabağda başlanan etiraz aksiyalarının ssenari müəllifi devrilmiş sabiq baş nazir Serj Sərkisyandır. Hakimiyyəti əldən verməsi ilə heç cür barışmayan Sərkisyan Qarabağda gərginliyi artırmaq, hətta cəbhədə local hərbi əməliyyatların olmasını belə arzulayır ki, bununla Nikol Paşinyan tamamilə xalq kütlələrinin gözündən düşsün və Sərkisyan yenidən hakimiyyətə qayıtsın. Bəs Ermənistanda baş verən proseslər bu ölkəni hara aparır?
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistanda məxməri inqilabla hakmiyyətə gələn qərbpərəst Nikol Paşinyanın xarici siyasəti onun Rusiya ilə siyasi qarşıdurmaya gətirəcək. Onun sözlərinə görə, ölkədə növbədənkənar parlament seçkilərinə qədər Paşinyan Qarabağda separatçı rejimin lideri Serj Sarkisyanın yaxın adamı Bako Saakyanı uzaqlaşdırmağı planlaşdırır: "Çünki, Bako Saakayan birbaşa Moskvanın adamıdır və Kreml hər an Bako Saakyanın əli ilə Paşinayana qarşı surprizlər hazırlaya bilər. Qarabağda etirazların Ermənistanda baş verənlərin xronoloji ardıcıllığının nəticəsi kimi qiymətləndirmək olar".
Politoloq deyib ki, hazırda Ermənistanda yerli ermənilərlə Qarabağ erməniləri arasında ciddi konflikt hökm sürür: "Nikol Paşinayanın ordu rəhbərliyindən Qarabağ ermənilərini uzaqlaşdırması, hökumətdə özünə sadiq şəxsləri təyin etməsi, xüsusi ilə qərbyönümlü şəxslərə üstünlük verməsi, qarabağlı erməni generallarında və siyasi elitasında ciddi narazılıq yaradır. Qeyd edim ki, Paşinyanın ordu rəhbərliyində Serj Sərkisyanın yaxın adamalarını uzaqlaşdırması və separaçı Qarabağ liderinə qarşı etirazların təşkil edilməsi, əsasən Yerevanda ABŞ səfirliyinin təlimatı ilə həyata keçirilir. Baş nazir Nikol Paşinyan işğal olunmuş ərazilərdə separatçıları uzaqlaşdıra bilərsə, Qarabağ danışıqlarında yeni mərhələ başlaya bilər. Qeyd edim ki, ABŞ tərəfindən maliyyə və siyasi dəstək verilən Paşinyana konkret tapşırıqlar Vaşinqtondan verilib. Bu tapşırıqlar hakimiyyətdən Rusiyaya bağlı şəxsləri uzaqlaşıdırmaq və ölkənin inkişafı üçün əməli addımlar atmaqdır. Burada Qarabağ münaqişəsinin həlli də mühüm amildir. Məhz Trampın Azərbaycan prezidentinə təbrik məktubunda Qarabağla bağlı növbəti aylarada addımların atılacağını qeyd etməsi, məhz Ermənistandakı son proseslərlə əlaqədardır".
Məhəmməd Əsədullazadənin qənaətincə, hazırda rəsmi Bakının Yerevana təmkinli siyasəti bununla əlaqədardır: "Nikol Paşınyan Ermənistanda və Qarabağda Rusiyaya bağlı şəxsləri uzaqlaşdırıb, növbəti seçkilərdə qələbə qazanarsa, Vaşnqtonun istəyi ilə ciddi şəkildə Qarabağ danışıqlarına qatıla bilər. Vaşinqton bilir ki, regionda Qarabağ konflikti həll edilmədən Rusiya Cənubi Qafazdan və Ermənistanda çıxmayacaq. Ermənistanda baş verənlər sistem və klanların təmizlənməsidi. Burada inqilab və islahatlar Qərbin siyasi hakimiyyətdə möhkəmlənməsinə və Rusiyanın uzaqlaşdırılmasına hesablanıb. Ümumiyyətlə, Rusiyanın Ermənistanda nüfuzunun zəifləməsi, Azərbaycan və region üçün mühüm əhəmiyyət kəsb edir".
Məhəmməd Əsədullazadə onu da deyib ki, Nikol Paşinyanın Qarabağla bağlı sərt, kompromissiz açıqlamaları daxili auditoriya, xüsusilə separatçılar üçün hesablanıb: "Rusiyaya bağlı siyasilər və separatçılar hakimiyyətdən uzaqlaşar, növbədənkənar parlament seçkilərində Paşinyan qələbə çalarsa, o artıq Qarabağ münaqişəsinin mümükün həllini ortaya qoyacaq. Əgər Nikol Paşinyan Rusiyadan uzalaşa bilərsə, ABŞ onu Rusiyadan qorusa, Qarabağla bağlı yeni gəlişmələrin şahidi olacağıq. İlk növbədə məqsəd Qarabağ separatçılarını və generalları zərərləşdirməkdi. Qeyd edim ki, bir müddət bundan əvvəl separtçıların lideri olan hazırda həbsdə saxlanılan Samvel Babayanın azadlığı üçün bir qrup şəxslərin etirazına rəğmən onun azadlığa buraxılmaması, məhz Qarabağ ermənilərinin zərərləşdirilməsinə hesabalnıb. Ermənistanda ağrılı siyasət davam edir. Əgər, bu siyasət və islahatlar münaqişənin həlli ilə bağlı real danışıqlara töhfə verməsə və Rusiyanın Yerevanla əlaqələri soyuyarsa, müharibə ehtimalı qaçılmaz ola bilər".
Füzuli