Azərbaycan Əfqanıstandan Avropaya daşınan narkotrafiki kəsir
4 İyun 2018 09:16 DünyaÖlkəmizin də yer aldığı "ağ ölüm" marşrutunu ləğv eləmək mümkün olacaqmı? Ekspertlər deyir ki...
İrandan Azərbaycan ərazisinə narkotiklərin daxil olması yeni xəbər deyil. Son vaxtlar Dövlət Gömrük Komitəsinin əməkdaşları bu istiqamətdə bir neçə uğurlu əməliyyat gerçəkləşdiriblər. Sonuncu belə əməliyyat mayın 24-də baş tutub. İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.
Rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.
Bundan 3 gün əvvəl, mayın 21-də isə Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilmişdi. Mayın 7-də isə Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi əməkdaşları İran İslam Respublikasından gələn Azərbaycan Respublikasının vətəndaşı Elnur Mirrəhim oğlu Əhədovun idarə etdiyi "Qaz-3110" markalı, Az 10 RS 660dövlət nömrə nişanlı minik avtomobilindən 3 kiloqram narkotik aşkar etmişdilər. Maşının alt hissəsində gizlədilmiş, hər biri ayrı-ayrılıqda şəffaf sellofana bükülmüş, ümumi sayı 130 ədəd yumru və uzunsov formalı bükümlər aşkar edilib. Gömrük yoxlaması tam başa çatdıqdan sonra isə 94 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 3 kiloqram olan narkotik vasitə - həşiş, 36 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 500 qram olan narkotik vasitə - tiryək olduğu müəyyənləşib.
Bu, təkcə may ayı ərzində İrandan Azərbaycan ərazisinə daşınan və gömrükçülər tərəfindən tutulan narkotik vasitələrin xronikasıdır. Bundan bir neçə ay əvvəl Moldova Respublikası Prokurorluğunun mütəşəkkil cinayətkarlığa qarşı və xüsusi işlər üzrə böyük prokuroru Nikolay Kitoroaqe çıxışında Azərbaycanın Əfqanıstandan narkotrafikin böyük kanalının hissəsi adlandırmışdı. Demişdi ki, narkotiklər Moldovaya yaxşı təşkil olunmuş və dəqiq işləyən Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutu üzrə daxil olur. Sonradan isə narkotiklər Avropaya daşınır.
Sabiq təhlükəsizlik zabiti, narkotiklərlə mübarizəyə "Qara kabus" adlı kitab həsr edən ekspert Arzu Nağıyev "Yeni Müsavat"a bildirib ki, Azərbaycanın İranla sərhəd olması və İranın Əfqanıstanla qonşuluqda yerləşməsi son nəticədə ölkəmizə narkotik axınının davamlı olmasına gətirib çıxarır: "SSRİ dönəmində İranla həmsərhəd rayonlarda xüsusi rejim tətbiq olunurdu. Həmin rejim əraziyə gəlib-gedənləri nəzarətdə saxlamağa imkan verirdi. Azərbaycan müstəqillik qazanandan sonra xüsusi rejim də ləğv olundu. Həmin zonaya gediş-gəliş sərbəstləşdi. Narkotranzitlə məşğul olanlar da xüsusi rejimin ləğvindən öz maraqları üçün istifadə etməyə başladılar. Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir".
A.Nağıyev deyir ki, narkotiklərin istehsalı əsasən dünyanın 3 nöqtəsində gerçəkləşir: "Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrində, Qızıl üçbucaq adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi Əfqanıstanda böyük narkoplantasiyalar mövcuddur. Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut kimi ölkəmizin də olduğu marşrutdur".
"Marşrut məlumdursa, narkodaşımaların qarşısının alınması niyə baş tutmur" sualına Arzu Nağıyev belə cavab verib:"Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Mərkəzi Asiya Regional İnformasiya Mərkəzi mövcuddur. Bu mərkəzdə narkotiklərin qanunsuz dövriyyəsi haqda məlumatlar toplanır və müvafiq addımlar planlaşdırılaraq atılır. Həmin koordinasiya mərkəzində narkotrafikin qarşısının alınmasında iştirak edən müxtəlif dövlətlərin hüquq mühafizə orqanlarının nümayəndələri təmsil olunurlar. Narkotrafikin qarşısının alınması üçün məlumatların əldə edilməsi, mübadiləsi və texniki cəhətdən dəstək olmalıdır. Bu istiqamətdə müəyyən işlər gedir və son vaxtlar instensivləşdirilib. Mətbuatda iri narkotik partiyalarının tutulması ilə bağlı məlumatlar var".
Arzu Nağıyev deyir ki, Mərkəzi Asiya Regional İnformasiya Mərkəzində cəmləşən dövlətlərin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səylərini birləşdirmələri son nəticədə dövriyyəni qat-qat azalda bilər: "Son 10 ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib. Və mübarizənin daha kəsərli olması üçün də addımlar atılmaqdadır. Təbii ki, narkomafiyalar da əllərini sallayıb oturmurlar. Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Maye sabun, qida məhsulu və s. adlar altında narkotik daşımaları faktları məlumdur. Yəni hüquq mühafizə orqanları səylərini artırdıqca, narkomafiyalar da yeni üsullara əl atırlar. Ümumiyyətlə isə narkotk, insan orqanlarının, silahların alveri dünyada ən böyük qanunsuz dövriyyədir. Bu dövriyyəni bir qərarla durdurmaq mümkünsüzdür. Yalnız bu dövriyyəni kiçiltmək, miqyasının genişlənməsinə qarşı addımlar atmaq olar. Bu bütün dünyada bəladır".
Arzu Nağıyev dünya üzrə narkomafiyanın kökünün kəsilməsinin mümkünsüz olduğunu açıqlayıb: "Narkotiklərin qeyri-leqal dövriyyəsi ilə yanaşı leqal dövriyyəsi də var. Qeyri-leqal dövriyyəyə leqal dövriyyədən çırpışdırılan narkotik düşə bilir. Narkotiklərin leqal becərilməsi müəyyən xəstəliklərin qarşısının alınması üçündür. Narkotiklərin leqal becərilməsi olmasa, deməli, həmin dərman vasitələri də əldə edilə bilməz. Mümkündür ki, leqal əkilən narkotiklər qeyri-leqal yollarla bazarlara yol tapır. İnsan amili qanunsuz dövriyyənin qarşısının alınmasında ən zəif halqadır. Hansı bir işçinin tamahı və ya başqa bir marağı üzündən "qara bazar"a leqal becərilən narkotiklər düşə bilir. Digər tərəfdən də bəzi dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə sona qədər səmimi deyillər. Əfqanıstanda taliblərin hakimiyyəti dövründə narkotik plantasiyaları demək olar ki, yox olmuşdu. Bu gün isə orada Qərb dövlətləri hökmranlıq edirlər və narkoplantasiyalar hər gün artır. Bu çox ciddi məsələdir".
Arzu Nağıyev deyir ki, nə qədər ki, narkotiklərdən istifadə edən insanlar var, o qədər də həmin narkotikləri əkib-becərən, daşımasını gerçəkləşdirənlər də olacaq.
Ötən il Moskvada "Parlamentarilər narkotiklərə qarşı" adlı beynəlxalq konfrans keçirilib. Həmin konfransda Azərbaycanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil etmişdi. O, Dağlıq Qarabağın işğal altında olan ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məsələləri qabartmışdı. Demişdi ki, işğal altında olan bu ərazilərə mərkəzi hökumət tərəfindən nəzarət olunmur. Orada silah alveri, narkotik vasitələrin yetişdirilməsi və Avropaya satılması ilə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər. O, qeyd edib ki, narkotik vasitələrdən istifadə problemi dünyanı narahat edən qlobal məsələlərdən biridir. Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Dövlətlər bu konvensiyalara qoşulub və öz milli qanunvericiliklərində qanunlar, normativ hüquqi sənədlər qəbul ediblər. Lakin bu qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Çox təəssüf ki, bəzi dövlətlərin sözü ilə əməli uyğun gəlmir. Məsələn, çıxışlarda qeyd olundu ki, Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı, o cümlədən orada qoşunları olan Qərb dövlətləri də xəbərdardır. Bəzi dövlətlər bu bəla ilə mübarizəyə ciddi, səmimi yanaşır, digər dövlətlər narkotrafikdən istifadə edib qazanc əldə edirlər. Milli Məclis sədrinin müavini vurğulamışdı ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi təkcə hüquqi deyil, həm də sosial, psixoloji və tibbi problemdir. Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçıların çıxışlarından bu sahədə vəziyyətin çox faciəvi olduğu bir daha üzə çıxdı. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisinin tonlarla ölçüldüyünü vurğulayan Ziyafət Əsgərov bildirmişdi ki, statistikaya görə, dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır. Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Əlbəttə, yaxın 20-30 ildə bu bəlanın kökünü kəsmək mümkün deyil. Ancaq dövlətlər məsələyə səmimi yanaşsalar, problemin qarşısını müəyyən qədər almaq olar. Bu, həm də gələcək nəslin sağlamlığı deməkdir. Bu problemin həlli yalnız dünya dövlətlərinin birliyi sayəsində mümkündür.