Paşinyanın Gürcüstan fiaskosu
1 İyun 2018 13:29 DünyaErməni baş nazirinin planları reallaşmamış qaldı
Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstan səfəri bir çox məsələləri üzə çıxarmış oldu. Belə ki, onun bu vəzifəni ələ keçirməsindən sonra qonşu ölkəyə ilk rəsmi səfərini etməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistan məhz Gürcüstan vasitəsilə müəyyən dərəcədə təcrid olunmuş vəziyyətdən yaxa qurtarmağa çalışır. Lakin Paşinyanın planlarının reallaşması o qədər də inandırıcı görünmür. Misal üçün, səfər çərçivəsində Gürcüstanın baş naziri Qiorgi Kvirikaşvili ilə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib. Paşinyan görüş zamanı bildirib ki, ölkəsinin Grcüsatanla bağlı layihələri var və bu layihədə birgə əməkdaşlıq etməyin tərəfdarıdır. Maraqlısı da budur ki, Q.Kvirikaşvili öz növbəsində N.Paşinyana qəti vədlər verməyib, sadəcə, müxtəlif sahələrdə münasibətlərin dərinləşməsinin tərəfdarı olduğunu bildirib.
Paşinyan üçün əsas məqsəd ona dəstək göstərmiş Qərb dairələrinə yarınmaqdır
Onu da qeyd edək ki, N.Paşinyanın Gürcüstana səfərinə qədər onun Tbilisidə Abxaziyadan keçən dəmiryolu xəttinin bərpa olunması məsələsini qaldırıb-qaldırmayacağı Ermənistan mətbuatında fəal şəkildə müzakirə olunurdu. Amma o, öz çıxışlarında bu məsələyə toxunmadı. Hətta Paşinyanın səfərindən əvvəl Gürcüstanın baş nazir müavini Mixail Canelidze jurnalistlərə bildirmişdi ki, Ermənistan tərəfi indiyə qədər heç vaxt Abxaziyadan keçən dəmiryolu xəttinin bərpa olunması məsələsini qaldırmayıb və "çox güman ki, indi də bunu etməyəcək".
Artıq belə bir qənaətə də gəlmək olar ki, Paşinyanın bu səfərdə dediyi fikirləri boğazdan yuxarı da ola bilər. Çünki əsas məqsəd ona dəstək göstərmiş Qərb dairələrinə yarınmaqdır. Daha dəqiq desək, bu səfər Ermənistanın mövcud rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilib. Yəni Gürcüstan üçün Paşinyanın bu ölkəyə ilk rəsmi səfər etməsinin istisi-soyuğu toxdur. Çünki bir neçə gün öncə Ermənistan prezidenti Armen Sarkisyan da Gürcüstana səfər etmişdi.
Lakin ortada digər məqamlar da var. Misal üçün, Paşinyanın Gürcüstan səfəri barədə qeyd etmək lazımdır ki, səfərdən bir neçə gün öncə Praqada Rusiya-Gürcüstan danışıqları baş tutmuşdu və müzakirələrdə əsas mövzu Gürcüstana Abxaziyadan keçən dəmiryolunun açılması, qondarma Abxaziya qurumu və Cənubi Osetiya ilə Gürcüstan arasında ticarət əlaqələrinin bərpası ilə bağlı idi və tranzitdən danışılanda ilk olaraq Ermənistanı nəzərdə tutulur. Yəni, tranzit yüklərin Rusiyadan Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılması nəzərdə tutulurdu. Lakin bu danışıqlar heç bir nəticə vermədi. Nəticədə bu məsələ Ermənistan tərəfini çox narahat etdi. Belə ki, Ermənistan tərəfi bu dəhlizlərin açılmasında maraqlıdır və Ermənistanda ümid edirdilər ki, Moskva ilə Tbilisi ortaq nöqtə tapacaqlar. Bu baxımdan erməni tərəfinin səfərlərindəki məqsədlərdən biri də Gürcüstanı inandırmaqdan ibarətdir.
Nə də Gürcüstan Ermənistana nəsə təklif edə bilməz
Hal-hazırda Ermənistanda qərbyönümlü siyasətçilər hakimiyyətdədirlər. Ola bilər ki, Ermənistanın qərb havadarlarının dəstəyi ilə də bu səfər baş tutub. Çünki onlar Ermənistanı Gürcüstanla bağlamağa maraqlıdırlar. Bununla da Ermənistan Qərbin siyasi, hərbi və digər layihələrini reallaşdırmaq istəyir. Bütün hallarda hesab etmək olar ki, bu səfər digərlərindən heç də fərqlənməyəcək. Çünki Ermənistanın öz istəklərini reallaşdırmaq üçün müstəqil siyasət aparmağa imkanları yoxdur. Reallıqda nə Ermənistan Gürcüstana, nə də Gürcüstan Ermənistana nəsə təklif edə bilməz. Ona görə də, bu səfər nəticə etibarilə hansısa xarici qüvvələrə xoş gəlmək üçün həyata keçirilib. Bu baxımdan, mövcud vəziyyətdə Rusiya ilə Ermənistan arasında dəmir yolunun açılmasına Gürcüstanın razılıq verəcəyi mümkün görünmür. Çünki qondarma Abxaziya tələb edir ki, Gürcüstanla olan inzibati sərhəddə gömrük postları təşkil olunsun və oradan keçən yüklər bu postdan keçsin. Gürcüstan isə bu təkliflə razılşamır. Gürcüstan Abxaziyanı öz torpağı sayır. Gürcülərin fikrinə görə, Abxaziya ilə hansısa sərhəd ola bilməz. N.Paşinyanın Gürcüstan səfərinin nəticələrini isə uğurlu hesab etmək olmaz. Əksinə, bu onun ilk rəsmi fiaskosu oldu.
sia