Tramp səhvən ABŞ-ın hərbi sirrini açıqladı – İddia
31 May 2018 14:20 DünyaABŞ Prezidenti Donald Trampın Suriyada rus əsgərlərinin də öldürüldüyü əməliyyata dair gizli detalları səhvən açıqladığı iddia edilib.
Fevralda Deyr-əz-Zorda ABŞ əsgərlərinin də olduğu Suriya Demokratik Qüvvələrinin düşərgəsinə hücum edən qrupa qarşı hava əməliyyatının məlumatları gizli saxlanılır.
Donald Tramp isə Nyu-Yorkda ötən həftə baş tutan tədbirdə əməliyyatda iştirak edən F-18 döyüş qırıcısının pilotunu tərifləyərkən hücumun detallarını faş edib.
Medianın məlumatına görə, Tramp hava hücumunun 10 dəqiqə sürdüyü və bu müddət ərzində 100-300 arasında rus döyüşçüsünün öldürüldüyünü söyləyib.
Daha əvvəl isə "Nyu-York Tayms" qəzeti ABŞ əsgərləri ilə Əsəd rejimi tərəfdarı olan qrup arasındakı qarşıdurmaların 4 saat davam etdiyini və 300-ə qədər döyüşçünün məhv edildiyini yazmışdı. Hücumun detalları gizli olduğu üçün ABŞ rəhbərliyi məsələ ilə bağlı açıqlama verməyi rədd etmişdi.
Qeyd edək ki, rəsmi Moskva sözügedən əməliyyatlar zamanı Rusiya hərbçilərinin orada olmadıqlarını bildirmişdi.