Paşinyan Ermənistanı xilas edə bilməyəcək

"Jurnalist" baş nazirin ardıcıl səhvləri ölkəsini daha dərin uçurumlara doğru yuvarlayacaq

Bir müddət öncə, Ermənistanda Serj Sarkisyanı devirərək, hakimiyyətə gələn Nikol Paşinyanın Dağlıq Qarabağdakı rejimin danışıqlarda tərəf kimi tanınması tələbini irəli sürməsi bir daha onun münaqişənin həlli ilə bağlı radikal mövqeyindən xəbər verir. Ancaq o da məlum idi ki, N.Paşinyan öncəki rəhbərlikdən fərqli mövqe göstərməyəcəkdi. Hətta deyə bilərik ki, zaman-zaman Robert Koçaryan və Serj Sarkisyanı münaqişədə tutduqları mövqeyə görə tənqid edən, yazılarla çıxış edən "jurnalist" baş nazir hələ aprel döyüşləri zamanı hər nə qədər də real olmasa da, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin müstəqilliyinin tanınmasına tərəfdar olmuşdu. Lakin bunun mümkünsüz olduğunu bilə-bilə Paşinyanın bu ətrafda fikir yürütməyə cəhd edtməsi Paşinyanın danışıqlar prosesini pozmaqda maraqlı olduğunun məntiqi göstəricisidir. Çünki DQ münaqişəsinin həlli, işsizlik, miqrasiya və oliqraxiyanın özbaşnalığına qarşı mübarizə aparacağı ilə bağlı populist vədlər verən Paşinyanı Ermənistan cəmiyyətinin ümidlərini doğrultmaq üçün real işə keçməli idi. Bununla da yeni baş nazir birinci növbədə ölkəsindəki iqtisadi problemlərin əsas mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sələflərindən fərqli mövqe nümayiş etdirməli idi. Ancaq bunun əksi olaraq N. Paşinyan Azərbaycanın işğal altında olan ərazisinə səfər etməklə hər şeyin əvvəlki kimi olacağını sərgiləməyə səy göstərir.

Gürcüstanda onun bu ölkəyə səfərindən məmnuluğun duyulmadığını göstərə bilərik

Lakin bu da həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanın rəsmi Moskvanın təsiri altından çıxması qeyri-mümkündür. Bunun əvəzində isə qərbyönümlü N.Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşə bilər. Hətta bunun ilkin cücərtiləri də görünməkdədir. Digər tərəfdən, onun bugünlərdə Rusiya ilə əlaqələri pozulmuş Gürcüstana səfər etməsi də vəziyyəti gərginləşdirə bilər. Eləcə də Gürcüstanda onun bu ölkəyə səfərindən məmnumluğun duyulmadığını göstərə bilərik.

Ukraynali politoloq: "Qarabağ problemi Ermənistanın boynuna atılmış ilmədir və ona nəfəs almağa imkan vermir"

Yeri gəlmişkən, Ukraynanın tanınmış siyasi eksperti Vitali Portnikovun N.Paşinyanla, eləcə də Ermənistanın müqəddəratı ilə bağlı fikirləri ilgincdir. "Hərçənd, Ermənistanda problemlərin əsas səbəbi heç də hansısa klanın hakimiyyəti və korrupsiya deyildi"-bildirən politoloq klanların hakimiyyətinin və korrupsiyanın pis bir gerçəklik olduğunu deyib: "Amma reallıqda Ermənistanın düşdüyü vəziyyət Qarabağ münaqişəsinə görədir. Qarabağ problemi Ermənistanın boynuna atılmış ilmədir və ona nəfəs almağa imkan vermir. Lakin ən pisi odur ki, erməni dövləti bu ilməni zəiflətmək əvəzinə, onu bir az da sıxır".

Ukraynalı ekspert bildirib ki, "çarəsizlərin inqilabı" ölkəni yalnız o zaman dəyişdirməyə nail olur ki, cəmiyyət öz problemləri haqqında həqiqəti bilir: "Bu həqiqəti onlara yeni lider deməlidir. Ermənistanın problemlərindəki həqiqət isə Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə həll olunmadığı təqdirdə Ermənistan Kremlin mühasirəsində qalacaq. Bunu Paşinyan da anlayır, lakin o, Qarabağa gedərək, erməni siyasətinin dəyişməz olduğunu göstərir. Hərçənd, bu, Ermənistanı uçuruma aparır".

Fakt isə budur ki, Qərb lobbisinin dəstəklədiyi N.Paşinyan DQ ilə bağlı ölkəsinin ənənəvi siyasətini davam etdirməklə Rusiyasız hakimiyyətini qoruyub saxlaya bilməyəcək. Rəsmi Kreml artıq Ermənistanı əzmək üçün hazır vəziyyətdədir. Beləliklə, Dağlıq Qarabağla bağlı ənənəvi siyasəti dəyişməyəcəyi təqdirdə N.Paşinyanın hakimiyyətə gəlişi nəinki əvvəlki problemləri həll edəcək, əksinə Ermənistanda vəziyyəti daha da pisləşdirəcək. Onun iki seçimi qalıb - ya Qarabağ, ya da Ermənistan...Hər halda o, özünü ağıllı insan hesab edirsə, Ermənistanı seçərdi.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31