"Rusiya Ermənistanla münasibətlərini dəqiqləşdirməyib"
31 May 2018 12:05 DünyaRüstəm Məmmədov: "Ermənistan bu günə qədər etdiyi hər bir əməlinə görə cavab verəcək"
Politoloq Rüstəm Məmmədovun müsahibəsi:
- Rüstəm müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi üçün prezidentlərin görüşünün keçiriləcəyi barədə fikir səsləndiriblər. Bu görüş münaqişənin həllində nəyi dəyişə bilər?
- Birmənalı şəkildə, faktlara istinadən demək olar ki, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlərinin keçirilməsi problemin həllinə yardımçı ola bilməz. Çünki Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir.
- Bəzi siyasi şərhçilər Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Ermənistanda deyil, Rusiyanın əlində olduğunu bildirirlər. Nə dərəcədə əsaslıdır?
- Düzdür, işğalçı ölkə olan Ermənistan Rusiyadan asılı bir ölkə idi. Amma indiki məqamda Rusiyanın özü Ermənistanla münasibətlərini dəqiqləşdirməyib. Bu baxımdan da, bu günləri Rusiya faktoru Ermənistan üzərində qeyri-müəyyəndir. Ümumiyyətlə, bu gün heç Ermənistanın özü bilmir ki, nə istəyir.
- Niyə dünyanın güc mərkəzləri işğalçı Ermənistana layiq olduğu cavabı vermir?
- Onsuz da bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri Ermənistanın işğalçılıq siyasətini və bu işğalçılıq zamanı törətdiyi vəhşilikləri çox gözəl bilirlər. Amma bu günə qədər işğalçı ölkənin vəhşiliklərinə dünyanın aparıcı dövlətlərinin təzyiq vasitəsi olaraq tədbirlər görməmələri münaqişənin həllinə ikili yanaşmalarının nəticəsidir. Amma ümid edirəm ki, Ermənistan bu günə qədər etdiyi hər bir əməlinə görə cavab verəcəkdir.
- Niyə görə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəaliyyətləri qaneedici deyil?
- ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas işi Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdir. Amma bu gün biz həmsədrlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərinə baxanda, irəliyə doğru addım görmürük. Çünki ATƏT-in həmsədr dövlətləri olan Rusiya, ABŞ və Fransa, yəni bu üç dövlətin heç biri bu məsələdə hələ öz mövqeyini dəqiqləşdirə bilməyiblər. Daha doğrusu, bunlarda fikir aydınlığı yoxdur. Bu baxımdan, münaqişə ilə bağlı ATƏT-dən nə isə bir irəliləyiş gözləmək olmur.
SİA