Rusiyada benzin fırıldaqçıları həbs olundu: bəs Azərbaycanda...
31 May 2018 09:47 DünyaEkspert: "Sürücülərdən belə bir yazılı şikayət daxil olub ki, avtomobilin benzin çəni 55 litr tutduğu halda, 64 litr benzinin pulunu alıblar"
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "LUKoil" və "Rosneft"in bir neçə menecerini həbs edib. Rusiya mətbuatının yaydığı xəbərdə qeyd olunur ki, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib.
Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.
Əməliyyat nəticəsində ilk olaraq "Rosnef- Stavropol"un top-meneceri və "LUKoil"in bir neçə meneceri yaxalanıb.
Bundan sonra "Rosneft"dən Oleq Kolpakov, "LUKoil"dən isə Kovalevski və Yukinski adlı menecerlər də saxlanılıb. Onlar barəsində "mütəşəkkil cinayətkar dəstə yaratmaq" və "külli-miqdarda dələduzluq" maddəsi ilə cinayət işi başlanılıb.
Əməliyyat nəticəsində həbslərin davam edəcəyi gözlənilir.
Azərbaycanda da fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən xeyli sayda şikayətçilər var. Bununla bağlı tez-tez sosial şəbəkələrdə, mətbuat səhifələrində yazılan şikayətlərin şahidi oluruq. Şikayət edən sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, yanacaqdoldurma məntəqələrində avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Sürücülərin sözlərinə görə, çox zaman şirkətin əməkdaşları öncəki müştəridən qalma miqdarı aparatda sıfırlamırlar. Məsələn, öncəki sürücü 5 manatlıq benzin vurursa, növbəti 20 manatlıq benzin vurulmasını istəyirsə, aparatı sıfırlamayıb, sürücüyə 15 manatlıq benzin vururlar. Monitorda isə 20 manatlıq benzinin vurulduğu görsənir.
Sürücülər onu da bildirirlər ki, bu barədə dəfələrlə yanacaqdoldurma məntəqəsinin rəhbərliyinə, işçi heyətinə müraciət ediblər. Bəzən onlar səhv etdiklərini bildirib, sürücülərin haqqı olan yanacağı avtomobilə vururlar. Əksər hallarda isə bu, baş vermir.
"Yeni Müsavat"a danışan ekspert Eyyub Hüseynov bildirib ki, məsələ ilə bağlı ona da xeyli sayda şikayətlər daxil olur. Ekspertin sözlərinə görə, bu şikayətlər arasında absurd hallara da rast gəlinir:
"Mənə sürücülərdən belə bir yazılı şikayət daxil olub ki, avtomobilin benzin çəni 55 litr tutduğu halda, 64 litr benzinin pulunu alıblar. Müştəri sifariş verib ki, çəni tamamilə doldurun. Çən zavod standartında 55 litr tutduğu halda, ora guya 64 litr benzin vurublar. Çox təəssüf ki, bunu müvafiq dövlət orqanlarına göndərsəm də, hələ heç bir səmərəli iş görülməyib. "LUKoil"in təhlükəsizlik xidmətinin rəisi mənə zəng vurdu. Ona təklif etdim ki, avtomobil yanımdadır. Gedib test edə bilərik, əgər siz dediyiniz qədər benzin tutarsa, deməli, haqlısınız. Lakin onlardan səs çıxmadı. Bununla bağlı ərizə yazıb, müvafiq dövlət qurumlarının hamısına məlumat vermişəm. Lakin dövlət orqanları belə saxtakarlıq işlərini ört-basdır edirlər. Çünki heç bir nəticə əldə olunmayıb. Deyirlər ki, aparatlarımız düz işləyir. Burada 3 məqamdan birində günah var. Ya haqqında bəhs etdiyimiz "KİA" avtomobilinin istehsalçısı rəqəmi səhv göstərərək yalan yazır, ya aparat düz işləmir, ya da "LUKoil" əhalini aldadır. Düşünürəm ki, üçüncü variant baş verir və bu şirkət əhalini aldadır. Bütün bu kimi hadisələr testdən keçirilməlidir. Mənə xeyli sayda telefon zəngləri gəlib, məsələ ilə bağlı şikayətlər edilir. Mən artıq öz işimi görərək, məsələni ictimailəşdirmişəm. Dövlət orqanları da gərək addım atsınlar. Mətbuat da bu barədə çox yazır".
Ekspert bildirib ki, sürücülərin şikayətçi olduğu ikinci məsələ yanacağın keyfiyyəti ilə bağlıdır: "Benzinin keyfiyyətinin aşağı olması ilə bağlı sürücülər mənə şikayət ediblər. Bu barədə də zənglər almışam. Lakin yazılı şikayət daxil olmayıb. Miqdardan aldadılma ilə bağlı şikayətlər isə çoxdur. Yanacaqdoldurma məntəqələrində menzurka cihazı olmalıdır. Bilinməlidir ki, aparatlar düz işləyir, yoxsa işləmir. Vətəndaş alacağı benzini birinci növbədə o qaba tökdürməlidir. Menzurka ilə benzin vurularkən onun həcmini açıq şəkildə görə biləcək. Məsələn, 90 qəpik verib bir litr benzin almaq istəyirsənsə, həmin menzurka ilə onun həcmini ölçə bilərsən. Amma təəssüf ki, heç bir məntəqədə menzurka qoyulmur. Uzun şlanqların içərisində qalan benzin avtomobilin çəninə yox, geri qayıdır. Bu səbəbdən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi menzurkanın açıq yerə qoyulmasına şərait yaratmalıdır".