Böyük köç: “Sanksiyalar iranlıları didərgin salır”
"İran ciddi iqtisadi təhlükə qarşısındadır, məcburi miqrasiya prosesi sürətlənə bilər". Bunu politoloq Sədrəddin Soltan deyib.
30 May 2018 16:40 Dünya"İran ciddi iqtisadi təhlükə qarşısındadır, məcburi miqrasiya prosesi sürətlənə bilər".
Bunu politoloq Sədrəddin Soltan deyib.
Politoloq qeyd edib ki, 1979-cu ildəki İslam inqilabından sonra İran tarixində bir neçə dəfə məcburi miqrasiya baş verib:
"Məcburi miqrasiyanın ilk dalğası 1979-cu il inqilabından sonra - fevral ayında baş verib. Hakimiyyəti ələ keçirmiş yeni rejimdən çəkinənlər, onun dar ağacından ehtiyat edənlər ölkəni tərk etməyə məcbur oldular. Bu, çox böyük köç idi. Həmin vaxt İrandan iri həcmdə pullar çıxarıldı və çoxlu sayda ziyalılar xarici ölkələrə üz tutdular.
Sonrakı illərdə İraq müharibəsindən ehtiyat edənlər də İrandan getdilər. Bir müddət sonra əks-inqilabi qüvvələrin neytrallaşdırılması ilə bağlı aparılan siyasətdən çəkinən insanlar ölkədən çıxmalı oldular. İran yenə belə bir ehtimal qarşısındadır.
Lakin indi İranı müharibə gözləmir. İndi əsas məsələ ABŞ-ın yenidən İrana qarşı sanksiya tətbiq etməsiylə bağlıdır. ABŞ-ın Avropadan olan müttəfiqlərinin də bu sanksiyalara qoşulması mümkündür".
Sədrəddin Soltan hesab edir ki, insanlar daha çox sosial-iqtisadi problemlərə görə İranı tərk edə bilərlər: "Zəngin iş adamlarının öz kapitallarını başqa ölkələrə yatırmaq ehtimalı yüksəkdir. İran ciddi iqtisadi təhlükə ilə üz-üzədir. Nəzərə alsaq ki, ölkənin enerji və digər sektorlarına olan sərmayələrin həcmi azalıb, buna görə də zəngin insanlar öz kapitallarını da götürüb İrandan çıxmağa məcbur olurlar".
Teleqraf