Paşinyan Tiflisdə heç nəyə nail olmayacaq - ŞƏRH

Gürcüstan-Ermənistan münasibətlərinin inkişafı üçün böyük imkanlar yoxdur. Yəni nə Ermənistanın iqtisadi və digər resursları buna uyğundur, nə də Gürcüstanın.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın yeni rəhbərliyinin Gürcüstana səfərinə münasibət bildirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, əvvəllər Ermənistanın Gürcüstana olan münasibəti Azərbaycana olan münasibətindən fərqlənmirdi:

"1918-20-ci illərə baxsaq, görərik ki, Ermənistanın Gürcüstanla münasibətlərində də elə Azərbaycanla münasibətlərində olan problemlər mövcuddur. Çünki Ermənistanın Gürcüstanla bağlı da ərazi iddiası var, Ermənistan vaxtilə Gürcüstanla da ərazi uğrunda mübarizə aparıb. Hətta SSRİ-nin dağılma mərhələsindən sonrakı dövrlərdə Gürcüstanda yaşayan ermənilərin separatçı hərəkatları, bu hərəkatlara Ermənistandan verilən siyasi, bəzən kiçik də olsa, hərbi dəstək Gürcüstan-Ermənistan münasibətlərində problemli məqamlar kimi diqqət çəkib. Hətta Abxaziya münaqişəsində Baqramyan batalyonu Gürcüstana qarşı vuruşmuşdu".

Ekspert vurğulayıb ki, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, Azərbaycanla müharibə vəziyyətində olması, Türkiyə ilə münasibətlərinin pis olması onun Gürcüstanla münasibətlərini tənzimləməsini şərtləndirir:

"Həm də Gürcüstanda Cənubi Osetiya və Abxaziya problemlərinin daha ciddi olması onun Ermənistanla münasibətlər qurmasıa mane olmur. Yəni iki tərəf də başqa bir istiqamətdə daha böyük problemlərə sahibdir. Lakin bunların ikisi arasında ən böyük fərq odur ki, Ermənistan Gürcüstanla münasibətlərin düzəlməsinə möhtac olsa da, Gürcüstanın belə bir asılılığı yoxdur. Çünki Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətləri kifayət qədər yaxşıdır və bu iki dövlətin iştirakı ilə beynəlxalq layihələrdə tərəfdaşdır. Yəni Ermənistanın münasibətləri düzəltmək istəməsi başa düşüləndir. Amma Gürcüstanın Ermənistanla yaxın əlaqələr qurması doğru deyil. Ümumiyyətlə, Azərbaycanın tərəfdaşı olan Gürcüstan və digər dövlətlər Ermənistanla münasibət qurarkən ilk növbədə bu ölkənin işğalçılıq siyasətini, separatizmə dəstək verdiyini nəzərə almalıdır. Gürcü rəsmiləri də Ermənistanla münasibətlərdə Ermənistanda hakimiyyət dəyişməsinə baxmayaraq, bu faktı diqqətdən kənar saxlamamalıdır. Gürcüstana ən çox sərmayə qoyan dövlətin Azərbaycan olmasına baxmayaraq, Gürcüstanın Ermənistanla bağlı siyasətində indiyə qədərki mərhələdə bunu o qədər də görə bilməmişik. Doğrudur, bunun müəyyən səbəbləri ola bilər. Ola bilsin ki, Gürcüstan Qərbdə erməni lobbisinin dəstəyinə ehtiyac duyur, ən azından erməni lobbisi ilə qarşı-qarşıya gəlmək istəmir. Amma səbəb nə olursa-olsun, bizim üçün Gürcüstanın Ermənistanla münasibətləri arzuolunan səviyyədə deyil".

Ekspert qeyd edib ki, Gürcüstanın reallaşdırdığı bir çox layihələr əsasən Azərbaycandan başlayan və Azərbaycanın bir parçası olduğu layihələrdir:

"Digər tərəfdən, Gürcüstanın Rusiya ilə münasibətinin tam qaydaya düşməməsi də Ermənistanla münasibətlərinin qaydaya düşməsinə maneədir. Yəni bu görüşdən böyük layihələrlə, ideyalarla bağlı gözləntilər yoxdur. Amma təbii, Ermənistanın Gürcüstandan blokadadan çıxmaq üçün istifadə etmək istəməsi və Paşinyanın Gürcüstanda yaşayan ermənilərin hamisi kimi çıxış etməsi onların xeyrinə ola bilər".

Elspertin sözlərinə görə, əgər Ermənistan-Azərbaycan arasında Qarabağ problemi olmasaydı, bu gün Gürcüstan-Ermənistan müharibəsi mövcud ola bilərdi:

"Cavaxetiya bölgəsindəki ermənilərə görə, Gürcüstan daha böyük münaqişə ilə qarşı-qarşıya qala bilərdi. Paşinyanın Gürcüstana ilk səfərini məhz ermənilər yaşayan bölgəyə etmək istəməsi, orada geniş görüşlər keçirəcəyi ilə bağlı anonslar verməsi onu deməyə əsas verir ki, Gürcüstan bundan narahat olmaya bilməz".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanda rəsmi səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31