Qadın işçilərə təcavüz və alçaltma faktları – Dəhşətli etiraflar
30 May 2018 15:32 Dünyaİspaniyanın Əndəlus muxtar vilayətində Afrika və Şərqi Avropadan gələn qadın işçilərin alçaldılması və zorlanması faktları ilə bağlı cinayət işi açılıb.
Telqeraf.com xarici KİV-ə istinadən xəbər verir ki, zərərçəkənlər arasında Rumıniya və Mərakeşdən olan qadınlar da var.
Hakimiyyət müvafiq qərarı miqrantların əmək maraqlarını qoruyan təşkilatların nümayəndələri ilə görüşdən sonra qəbul edib. Artıq bir xarici işçinin zorlanması faktı təsdiq edilib.
Təkcə İspaniyanın Uelva əyalətində 18 min qadın-qastarbayter (kasıb ölkələrdən olan işçilər) çalışır. Onların çoxu Mərakeş və Rumıniyadan gəlib.
Qalmaqal medianın İtaliya, Mərakeş və İspaniyada çalışan mövsümi işçilər arasında apardığı müsahibədən sonra yaranıb. Miqrantlar işəgötürən və nəzarətçilər tərəfindən təcavüz və seksual zorakılığa məruz qaldıqlarını söyləyiblər.
Digər 100 qadın isə iş zamanı təhqir olunma və alçaldılma ilə üzləşdiklərini bildiriblər.
Ölkədə abortların statistikası da həyəcan doğurur. Təkcə Palos-de-la-Fronteredə 2016-cı ildə zorlanma nəticəsində 185 hamiləlik faktı qeydə alınıb. Onların 90 faizi miqrant olub.
Oxşar vəziyyətə İtaliyanın Apuliya əyalətində də rast gəlinib. Buradakı qadın işçilərin günə 25-30 avro qarşılığında 12 saata qədər işlədildiyi qeyd edilir.